Serbiyanın Zlatibor şəhərində keçirilən məktəbli oğlan və qız boksçular arasında Avropa birinciliyi başa çatıb. Azərbaycan millisi yarışda 3 qızıl, 10 gümüş və 9 bürünc medal qazanaraq komanda hesabında Avropa ikincisi olub.
Finss.az xəbər verir ki, final görüşlərində Abbasəli Məmmədli (48 kq) erməni boksçu Davit Dunyamalyanı 4:1 hesabı ilə məğlub edərək Avropa çempionu olub.
Nurlan Müseyibli (66 kq) rusiyalı Albert Fedotenkova 4:1, Zirəddin Rüstəmli (70 kq) isə serbiyalı Draqan Todoroviçi tam üstünlüklə məğlub edərək qızıl medala layiq görülüblər.
Gümüş medalları Nəsrin Abdullazadə (38 kq), Tunca Mürşüdova (42 kq), Fatimə Məmmədli (44 kq), Kəmalə Həsənova (54 kq), Babək Abdullayev (40 kq), Məhəmməd Kazımzadə (42 kq), Nuran Yusibli (46 kq), Elcan Musazadə (50 kq), Sabir Rüstəmov (57 kq), Yusif Ağakişiyev (75 kq) qazanıblar.
Bürünc medallar isə Aysan Miriyeva (46 kq), Emiliya Beydullayeva (57 kq), Xumar Cəfərli (70 kq), Sahib Baxışlı (44 kq), Məhəmməd Əli (52 kq), Fərhad Quliyev (54 kq), Amid Ələkbərov (60 kq), Mehran Rəsulov (80 kq) və Ərdəm Təkin (90 kq) arasında paylanıb.
Millimizin bu nəticələri Zlatiborda indiyədək ən yüksək medal sayı və keyfiyyətinə nail olmaqla rekord xarakteri daşıyır. Əvvəlki ən yaxşı nəticələr 2011-ci ildə Qroznıda və 2024-cü ildə Banya Lukada 9 medal qazanmaqla bağlı idi.
Avropa birinciliyində ilk yeri 20 qızıl, 3 gümüş və 4 bürünc medalla Rusiya komandası tutub.