Finss.az - Dördüncü sənaye inqilabı ilə birlikdə texnologiyalar artıq yalnız iqtisadi alətlər deyil, həm də milli təhlükəsizlik və geosiyasi təsir vasitəsinə çevrilib.
Xüsusilə süni intellekt (Sİ), kvant hesablamaları və yarımkeçirici texnologiyalar bu yeni erada strateji üstünlüyü müəyyən edən başlıca sahələrdir. Avropanın aparıcı analitik mərkəzləri Bruegel və MERICS-in birgə araşdırması göstərir ki, bu sahələrdə dünya liderliyi uğrunda üç əsas güc – ABŞ, Çin və Avropa İttifaqı (Aİ) – arasında kəskin rəqabət mövcuddur.
2019–2023-cü illər arasında Çin süni intellekt sahəsində patent sayına görə dünya lideridir. Təkcə 2023-cü ildə Çin 63 minə yaxın yeni İİ patenti qeydiyyatdan keçirib. ABŞ isə bu göstəricidə xeyli geri qalır – cəmi 20 minə yaxın patentlə.
Lakin burada vacib bir fərq var: radikal yenilik – yəni texnologiyaya yeni istiqamət verə biləcək ixtiralar baxımından ABŞ liderdir. Tədqiqat göstərir ki, 2023-cü ildə Çin şirkətləri 340 belə patent əldə etdiyi halda, ABŞ şirkətləri 570-dən çox radikal innovasiyaya imza atıb. Bu, ABŞ-ın texnologiyanın keyfiyyət və dəyər baxımından hələ də ön planda olduğunu göstərir.
ABŞ-ın əsas üstünlüyü generativ süni intellekt və təbii dilin işlənməsi (NLP) sahələrindədir. Nvidia, Adobe və Amazon bu texnologiyaların aparıcı istehsalçılarıdır. Lakin kompüter görməsi sahəsində Çin artıq ABŞ-ı geridə qoyub – ByteDance, Tencent və BOE Technology kimi şirkətlər bu sahədə qlobal miqyasda dominant mövqeyə malikdirlər.
Qeyd etmək lazımdır ki, Çin şirkətləri İİ texnologiyalarını telekommunikasiya, aviasiya, biometrika və robototexnika kimi sahələrlə birləşdirərək daha geniş tətbiq imkanları əldə edirlər.
Yarımkeçirici texnologiyalar sahəsində maraqlı bir tablo yaranır: istehsalda Çin öndədir, lakin dizayn və yüksək dəyərli texnologiyalarda ABŞ liderdir. Apple və Intel kimi şirkətlər çip dizaynında fərqlənirlər, Çin isə xüsusilə yaddaş texnologiyaları və displeylər sahəsində – TCL və Huawei-nin rəhbərliyində – qabaqcıl mövqe tutur.
Avropa isə optik elektronika və sensor texnologiyalarında mövqeyini qoruya bilsə də, bu sahədə ABŞ və Çinlə müqayisədə ciddi şəkildə geri qalır.
Kvant texnologiyalarında ABŞ açıq liderdir – patentlərin sayına və keyfiyyətinə görə. Bu sahədə ABŞ-ın simvolu olan IonQ və Zapata Computing kimi universitet mənşəli startaplar elm və biznes sinerjisini uğurla həyata keçirirlər.
Çin kvant kriptoqrafiya və fotonika sahəsində güclüdür, Avropa isə kvant fotonika və yarımkeçirici texnologiyalar sahəsində əhəmiyyətli töhfələr verir – əsasən akademik institutlar vasitəsilə.
Ən diqqətçəkən nəticələrdən biri də Avropa İttifaqında innovasiyaların daxili bazarda yayılma sürətinin çox zəif olmasıdır. Məsələn, Avropada yaradılmış süni intellekt texnologiyalarının daxildə yayılması 200 günə qədər vaxt aparır. Halbuki ABŞ-da bu müddət cəmi 60 gün təşkil edir.
Hətta Avropada yaradılan texnologiyalar ABŞ və Çində daha tez yayılır, nəinki onların doğma bazarlarında. Bu isə Avropa texnoloji sisteminin parçalanmış və koordinsiyasız olduğunu göstərir.
Bu təhlil göstərir ki, texnologiya sadəcə texniki inkişaf deyil, strateji resurs və geosiyasi silahdır. Azərbaycan üçün bu sahələrdə milli potensialı gücləndirmək üçün bir neçə strateji istiqamət var:
-
Startap ekosisteminin dəstəklənməsi və universitetlərin innovasiya bazalarına çevrilməsi;
-
Yarımkeçirici və Sİ texnologiyalarında lokal RD mərkəzlərinin qurulması;
-
Qlobal patent sistemlərinə inteqrasiya və texnologiyaların hüquqi mühafizəsi;
-
Texnologiyaların daxili bazarda yayılma mexanizmlərinin sürətləndirilməsi.