02 Dekabr

Gələcəyə qoyulan investisiya: Hansı şirkətlər alternativ enerjiyə yatırım edir?

Texnologiyanın sürətlə inkişaf etdiyi bir dövrdə nəhəng şirkətlərin bərpaolunan enerjiyə marağı artmaqdadır. Dünyanın texnologiya nəhəngləri bərpaolunan enerji layihələrinə investisiya qoymaqla 100% yaşıl enerjidən istifadəyə keçməyi hədəfləyir.

- Facebook

Sosial media nəhəngi Facebook alternativ enerji üçün yatırım edən ilk şirkətlər arasında yer alır. Onun ilk yatırımı 2013-cü ildə külək enerjisinə olub və şirkət nəhəng günəş və külək enerjisi müqavilələrinə imza atıb. Şirkət təmiz enerjidən istifadəni 2017-ci ildə 50%-ə, 2018-ci ildə isə 75%-ə çatdırıb. Şirkət ABŞ-ın Texas ştatının qərbində ölkənin ən böyük günəş elektrik stansiyalarından birini inşa edir. Günəş Enerji Sənayeləri Birliyindən verilən açıqlamada, Texasın Odessa kəndinin şimalında qurulacaq stansiyanın 72 min mənzilə yetəcək və 379 meqavat gücə sahib olacağı bildirilib. Təxminən 18 km² ərazidə qurulan GES-in inşası gələn il tamamlanacağı gözlənilir.

Facebook CEO-su Mark Zukerberqin verdiyi açıqlamada, şirkətin məlumat mərkəzlərini enerji ilə təmin etmək üçün 6 yeni günəş enerjisi layihəsi inşa edildiyini bildirmişdi. Zukerberq həmçinin, Facebook-un bütün məlumat mərkəzləri və ofislərində 2020-ci ilinə qədər 100% bərpaolunan enerjidən istifadə etməyi hədəflədiyini açıqlamışdı. İnternet nəhəngi Şimali Amerika və Avropada olan data mərkəzləri üçün çoxsaylı külək və günəş fermaları tikməyə başlayıb. Həmçinin şirkət bərpaolunan enerjinin dünyada ən böyük korporativ alıcılarındandır.

- Apple

Qeyd etmək lazımdır ki, 2014-cü ildən bəri texnologiya şirkəti Apple dünya üzərindəki bütün pərakəndə satış mağazalarında, ofislərində və məlumat mərkəzlərində 100% bərpaolunan enerjidən istifadə etməyə başlayıb. Şirkət dünyada gücü 626 meqavat olan 25 alternativ enerji layihəsinə sahibdir. Bundan əlavə, şirkət 15 layihənin inşasını davam etdirir. Bu layihələr tamamlandığında toplam 11 ölkədə 1,4 qeqavatdan çox təmiz enerji istehsal ediləcək.

- Google

Google isə bənzər açıqlamanı 2017-ci ilin dekabrında qeyd edərək, 100% bərpaolunan enerji hədəfinə çatdığını bildirmişdi. Şirkət 3 qeqavatdan çox külək və günəş fermalarını satın alıb. Texnologiya nəhəngi daha çox külək elektrik stansiyalarına sahibdir. Əgər 2012-ci ildə Google 34% bərpaolunan enerjidən istifadə edirdisə, 2017-ci ildən başlayaraq bu göstəricini 100%-ə çatdırıb. Şirkətin dünyada ümumi gücü 3,5 qeqavata yaxın 30-dan çox enerji layihəsi mövcuddur.

- Amazon

Bərpaolunan enerji sahəsinə yatırım edən şirkətlərdən biri də Amazon şirkətidir. Şirkət 2018-ci ilin sonunda “yaşıl” enerjidən istifadəni 50%-ə çatdırıb. Amazon şirkətinin Virciniya ştatında gücü 260 meqavat olan 6 günəş elektrik stansiyası, İndianada 150 meqavat, Şimali Karolinada 208 meqavat və Ohayo ştatında 100 meqavat gücə malik 3 külək elektrik stansiyası fəaliyyətdədir. Amazon 2-si İrlandiyada, 1-i İsveçdə və 2-si ABŞ-da olmaqla toplam 297 meqavat gücə sahib olacaq 4 külək və 1 günəş ferması layihələrini mediada açıqladı. Yeni qurulacaq fermalardan 830,000 meqavat-saat, ümumilikdə isə 2,900,000 meqavat-saat təmiz enerji istehsal ediləcək. Bərpaolunan enerji layihələrinə yatırımı davam etdirən texnologiya nəhənginin hədəfi 100% təmiz enerjidən istifadə etməkdir.

- Panasonic

Təmiz enerji layihələrinə investisiya qoyan növbəti şirkət Panasonic-dir. Yapon nəhəngi Türkiyənin İzmir şəhərində “Yılsan Yatırım Holding” ilə birlikdə 11,7 meqavat gücə malik “Sakura GES” layihəsini gerçəkləşdirib. 211 hektar ərazində qurulan GES-in dəyəri 15 milyon avro qiymətləndirilir. Stansiyada qurulan Panasonic-in HIT panelləri 27-32% daha çox enerji istehsal etmək gücünə malikdir. Şirkət Türkiyədə çoxsaylı bərpaolunan enerji layihələrini gerçəkləşdirmək fikrindədir.

- Microsoft

Dünyanın nəhəng şirkətləri arasında yer alan Microsoft bir çox texnologiya şirkətləri kimi bərpaolunan enerji mövzusuna dəyər verir və 2020-ci ilə qədər mərkəzlərində 60% təmiz enerjidən istifadə etməyi hədəfləyir. Şirkətin birbaşa olaraq satın aldığı bərpaolunan enerji layihələrinin gücü 1,2 qeqavat gücündədir. İnternet nəhənginin Sinqapurda “Sunseap” şirkəti ilə 60 meqavatlıq günəş enerji layihəsi üçün 20 illik imzaladığı müqavilə Avropada 3-cü, Asiyada isə ilk bərpaolunan enerji sövdələşməsidir.

- Procter & Gamble

Dünya şirkətləri külək və günəş enerjisinə yatırım edərkən, Procter & Gamble şirkəti bioenerji layihəsinə investisiya qoymağa başlayıb. P&G ABŞ-da 50 meqavat gücə malik biokütlə stansiyasının inşasını tamamlayıb. “Constellation” ilə birlikdə inşa edilən stansiyanın dəyəri 200 milyon dollardır. Şirkətin bioenerjiyə yatırımı onun 30% bərpaolunan enerjidən istifadə hədəfinə daha da yaxınlaşdıracaq.

Cavid Babayev