MÜSAHİBƏ

20 Noyabr
396

Qoşqar Şəkərəliyev: “Hesab edirəm ki, “Aqrar Sığorta“ sistemi Azərbaycanda sabit və təhlükəsiz aqrar sığorta mexanizmini formalaşdıracaq"

Ölkəmizdə qüvvədə olan mövcud qanunlara əsasən vətəndaşlara və sahibkarlara məxsus daşınmaz əmlakın, avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari qaydada sığortalanması həyata keçirilir. Gözlənilməz hadisələrə qarşı sığorta olunmaq və belə hallar baş verdikdə vətəndaşların onlara dəymiş zərərlərə görə sığorta ödənişləri almaq hüquqları qanunla təmin olunur. Azərbaycanda hazırda aktual olan və mühüm əhəmiyyət kəsb edən “Aqrar sığorta” mexanizminin yaradılması və tətbiqi ölkə iqtisadiyyatının və kiçik və orta biznesin inkişafını stimmullaşdıracaq. İqtisadiyyat üzrə fəlsəfə doktoru, "AZSIĞORTA" ASCsığorta şirkətinin Mənfəət Mərkəzinin rəhbəri Qoşqar Şəkərəliyev Azərbaycan sığorta bazarı və Kənd Təsərüfatı Nazirliyində “Aqrar Sığorta”nın tətbiqi ilə bağlı araşdırma qrupundakı fəaliyyəti zamanı əldə etdiyi təcrübəyə əsaslanaraq bu barədə öz fikirlərini bölüşüb.

Kənd təsərüfatı sahəsində sığorta ilə bağlı ölkəmizin təcrübəsi demək olar ki, yoxdur. Bu sahədə “TARSİM” modelinin tətbiqinin müsbət tərəfləri nədir?

Azərbaycanda “Aqrar sığorta” mexanizmlərinin təkminləşdirilməsi, bu sahədə beynəlxalq təcrübənin öyrənilərək ölkəmizdə tətbiqi imkanlarının araşdırılması istiqamətində müvafiq addımlar atılıb. Aqrar sığortanın kənd təsərrüfatında geniş tətbiqi ölkədə sözügedən sahə üzrə maliyə resurslarına çıxış imkanlarını təkminləşdirəcək, aqrar sahəyə biznes marağı ve investisiyaları təşviq edəcək, eyni zamanda davamlı inkişaf və dayanıqlılığın artırılmasına, istehsalın artımına, ərzaq təhlükəsizliyinin təmin olunmasına və eləcə də kənd təsərrüfatı məhsullarının idxalından ixracına keçidinə tövhə verəcəkdir. Azərbaycanda Aqrar sığorta modelinin tədbiqi üçün bir neçə ölkənin İspaniyanın – Agroseguro, ABŞ- Risk İdarəetməsi Agentliyinin (ingiliscə RMA), Ukraynanın - “Аграрный страховой Пул”, Türkiyənin - TARSİM kimi aqrar sığorta modelləri öyrənilərək ölkəmizdə tətbiq imkanları araşdırılıb. Etiraf etmək lazımdır ki, bu uzunmüddətli araşdırma nəticəsində hazırda qardaş Türkiyədə uğurla tətbiq edilərək, iqtisadiyyatın inkişafına tövhələr verən TARSİM modelinin Azərbaycanda tətbiqi qərara alınmışdır. Bu da çox uğurlu modeldir. Vahid fond yaradılır və hadisə baş verdikdə dəymiş zərər həmin müştərək fondun vəsaiti hesabına ödənilir. Fondun topladığı pullar hər hansı bir halda sığorta ödənişinin verilməsinə kifayət etmədikdə, dövlətin fonda vəsait ayırması nəzərdə tutulub. Burada sığorta şirkəti sadəcə fermerlərlə, müqavilə bağlayıb riski fonda ötürür, hadisə baş verdikdə bu hal müstəqil ekspertlər tərəfindən araşdırılır və həmin məbləğdə ödənişlər verilir. Hesab edirəm ki, “Aqrar Sığorta“ sistemi Azərbaycanda stabil və təhlükəsiz aqrar sığorta mexanizmini formalaşdıracaq

Gələn ildən ölkəmizdə tətbiq olunacaq “Aqrar Sığorta” , bu sahədə fəaliyyət göstərən sahibkarların hansı problemlərinin həllini asanlaşdırcaq?

İlk növbədə bildirmək istəyirəm ki, kənd təsərrüfatı sahəsi bizim ölkə üçün çox önəmli bir sahədir. Qeyri-neft sektorunun inkişaf etdirilməsi ölkəmizdə əsas prioritetlərdəndir və qeyri-neft sektoru dedikdə əlbəttə ki ilk olaraq hər birimizin ağlına kənd təsərrüfatı gəlir. Kənd təsərrüfatında yaranmış problemlər, faktiki olaraq sahibkarların əmlakı, onların məhsulları sığortalanmır. Hər hansı hadisə baş verəndə, məhsullar xarab olduqda sahibkarlar faktiki pis vəziyyətdə qalırlar. Dünya təcrübəsi göstərir ki, inkişaf etmiş kənd təsərrüfatı sektoru dövlət iqtisadiyyatının təməl nöqtələrindən biridir. Lakin kənd təsərrüfatı sektoru riskli bir sektordur, çünki gözlənilməz hadisələr nəticəsində itki çox ola bilər. Məhz bu səbəbdən kənd təsərrüfatının inkişafı sığortasız mümkün deyil. Respublikamızda da bu sığorta növünü inkişaf etdirmək üçün yeni model tətbiq ediləcək. Sığorta yığımlarının statistikasına baxsaq, ilin 6 aylıq göstəricilərinə görə keçən ilin eyni dövrü ilə müqayisədə nəinki artım, hətta kifayət qədər azalma var. Kənd təsərrüfatı sığortası bazarı kiçilib. Bunun əsas səbəbi sahibkarların bu sığorta növündən imtina etmələridir. Amma yeni model tətbiq edildikdən sonra, kənd təsərrüfatı sığortası inkişaf edəcək, bazar böyüməyə başlayacaq. Məşğul əhalinin 38%-i kənd təsərrüfatı ilə məşğuldur. Hesab edirəm ki, sahibkarlar və fermerlər üçün çox yaxşı olacaq. Onlar öz əmlaklarını, öz məhsullarını sığortalaya biləcəklər.

Aqrar sahədə çalışan sahibkarların sığorta savadlılığını artırmaq üçün dövlət və sığorta şirkətləri tərəfindən hansı tədbirlər həyata keçirilməlidir ?

Sığorta mədəniyyətinin formalaşmaması, sığorta məlumatsızlığı bizim sığorta bazarının böyük problemidir. Əlbəttə ki, bununla bərabər daha bir problem vətəndaşların sığorta şirkətlərinə güvənməməsidir. Bunları aradan qaldırmaq üçün son zamanlar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən irimiqyaslı tədbirlər həyata keçirilib. “AZSIĞORTA” ASC bu sahədə treninqlər keçirib. “Aqrar sığorta” növü ilə bağlı fermerlər məlumatlandırlıb. Sığortanın hansı məqsədlər daşıdığı və mümkün zərərin qarsının alınmasında necə mühüm rol oynaya biləcəyi barədə fermerlər arasında maarifləndirmə tədbirləri həyata keçirmişik. Qeyd edim ki, hazırda sığorta haqqında məlumatlandırma istiqamətində irəlləyiş var. Amma vətəndaşların sığorta şirkətlərinə inamsızlığı hələ də davam edir. Bu problemin üzərindən yalnız sığorta şirktləri özləri gəlməlidirlər. Sığorta bir vəddir. Sığorta şirkətləri vəd satırlar və üzərilərinə öhdəlik götürürlər. Öhdəliklər vaxtında və tam icra edilərsə, müştərilər yavaş-yavaş sığorta şirkətlərinə inanmağa başlayarlar. Bu bir gündə düzələn deyil. İnsanlarda formalaşan bir fikir var. Onların sığorta haqqında fikirlərini yenidən formalaşdırmaq zaman tələb edir. Bu isə birbaşa sığorta bazarının böyüməsinə gətirib çıxaracaq, sığorta şirkətlərinin müştəriləri artacaq. Bu istiqamətdə uzunmüddətli düşünmək və iş görmək lazımdır

“TARSİM” modelinin tətbiqi fermerlərin sığortaya inamını artıracaq ?

Sığorta sistemi pərakəndə xarakter daşıyan aqrar istehsalı stabilləşdirən iqtisadi alətdir. Azərbaycanda aqrar sığorta mexanizmi ona görə işləmir ki, aqrar sahə çox riskli sahədir, şirkətlər isə bu riskləri öz üzərlərinə götürmək istəmirlər. Kənd təsərrüfatında hadisə baş verəndə onun nəticələri ağır olur və hadisə nəticəsində dəyən zərər də böyük olur. Ona görə də, sığorta şirkətləri buna maraq göstərmirlər. Hesab edirəm ki, aqrar sığorta sisteminin formalaşdırlması zamanı fermerlərin sığortaya marağının artırılması üçün də mexanizmlər də müəyyən edilməlidir. Bura fermerlərin sığorta haqqının yarısının dövlət tərəfindən ödənilməsi fermerlərin sığortaya marağını artıracaq. Fermerlər tərəfindən sığortaya marağın az olmasının səbəblərindən biri fermerlərin sığorta şirkətlərinə kifayət qədər etibar etməməsidir. Amma yeni mexanizm işə düşəndən sonra bu inam yaranmalıdır. Çünki sığorta hadisələri üzrə ödəmələrdə problem olmayacaq.

Prezident İlham Əliyevin fərmanı ilə yaradılmış “Aqrar Sığorta Fondu” Azərbaycanda aqrar sığorta sisteminin təşkili ilə bağlı hansı əsas addımları atmalıdır?

Qeyd etmək istərdim ki, Prezident İlham Əliyevin “Aqrar Sığorta Fondu”-nun yaradılması ilə bağlı fərman verməsi təbii ki, çox müsbət haldır. Bu Azərbaycanda “Aqrar Sığorta” sistemin formalşdırılmasında dövlətin birbaşa dövlət başçısının maraqlı olduğunun mühüm göstərisidir. Dövlətin sığorta sahəsinin inkişafına dəstəyidir. Fond yaradılarkən Aqrar sığorta predmetinin tərkibi, sığorta riskləri, müstəqil ekspertlərin imtahanının keçirilməsi qaydası, sığorta haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməli olan hissəsinin təmin edilməsi üçün aqrar sığorta orqanının müraciətinə əlavə olunacaq sənədlərin siyahısı müəyyən edilməlidir. “Aqrar Sığorta Fondu” Azərbaycanda aqrar sığorta sisteminin təşkilini, inkişafını və dayanıqlılığını, habelə idarəedici qurumun formalaşdırılmasını təmin edəcək və onun fəaliyyətinə nəzarəti həyata keçirəcək. Ümid edirəm ki, “Aqrar Sığorta Fondu”nun fəaliyyətə başlaması Azərbaycanda dövlət-özəl tərəfdaşlığının təmin edilməsinə, aqrar sığortanın qabaqcıl təcrübə əsasında həyata keçirilməsinə, ekspertlər institutunun yaradılmasına, statistik məlumatları özündə cəmləşdirən elektron informasiya sisteminin qurulmasına, sabit və təhlükəsiz kənd təsərrüfatı sığortası mexanizminin formalaşması üçün münbit zəminin formalaşmasına xidmət edəcək. Aqrar sığorta bildiyimiz kimi həmdə Azərbaycanda yeni bir sığorta sisteminin –müştərək sığorta sisteminin formalaşdırılmasını tələb edir. Müştərək sığorta sisteminin aqrar sahə ilə yanaşı ölkəmizdə olmayan hansı başqa sığorta növlərinə tətbiq olunması uğurlu nəticələr verə bilər ?

Aqrar sahədə risklərin müştərək sığorta mexanizmi vasitəsilə sığortalanması ilə bağlı münasibətləri tənzimləyir, aqrar sığortanın hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir. Müştərək sığorta - müştərək sığorta fondu hesabına sığorta ödənişinin verilməsi, risklərin, o cümlədən fondda yaranan gəlir və zərərin bölüşdürülməsinə əsaslanan münasibətlər sistemidir. Müştərək sığorta sistemi sığortaçıların birgə vəsaitləri ilə özlərini sığorta etdirməsidir. Sığorta şirkətlərinin etdiyi sığortadan fərqli olaraq, bu sistemdə heç bir sığorta hadisəsi baş vermədikdə yığılmış vəsaitlər silinmir və növbəti ilə saxlanılır. Üstəlik, dövlət sığorta vəsaitinin müəyyən edilən faizi həcmində sığorta edilənlərə subsidiya ayıracaq. Təkrarsığorta siyasəti və sığorta risklərinin düzgün qiymətləndirilməsi nəticəsində bu sahədə dayanıqlı və səmərəli fəaliyyət təmin ediləcək, katastrofik risklər zamanı dövlət büdcəsinin artıq yüklənməsinin qarşısı alınacaq.

Hazırda iki növü qeyd etmək istəyərdim: daşınmaz əmlakın icbari sığortası və kənd təsərrüfatı sığortası. Hazırda mənzillərin, evlərin çox cüzi bir hissəsi sığortalanıb. Bu sığorta növlərini inkişaf etdirmək lazımdır. Hazırda ölkəmizdə sığorta sahəsində əsas prbleçlərdən biri də əmlak sığortasının dayanıqlılığının təmini üçün nəzarətedci orqanın mövcud olmamasıdır. Yəni əmlak sığortalanmasının icbari xarakter daşıması və əhalinin sığortanın bu növündən mütəmadi istifadəsinə nəzarət məqsədi ilə hər hansı nəzarət orqanının olması bu sahədə müsbət göstəricilərin əldə olunmasına böyük tövhələr verər.Gələcəkdə isə digər sığorta növlərinin inkişafından danışmaq olar.

Müəllif: Aynur Qəniyeva