MÜSAHİBƏ

02 Dekabr
390

Kamran Babayev : “Sığorta bazarına nəzarət mexanizmlərı təkmilləşdirilməlidir”

Fins.az peşəkar sığorta eksperti Kamran Babayev sığorta bazarının bugünki vəziyyəti və perspektivləri barədə fikirlərini yayımlayır

Kamran müəllim, sığorta bazarının mövcud vəziyyətini necə qiymətləndirirsiniz ?

Azərbaycan sığorta bazarı son illərdə ümumi iqtisadi inkişaf fonunda nisbətən stabil olsa da, onun maliyyə sektoruna və iqtisadiyyata təsiri minimum səviyyədədir. Sığorta bazarını təhlil etdikdə, yalnız icbari sığorta bazarının böyüməsi müşahidə olunur. Amma icbari sığorta bazarının potensialı böyükdür, bəzi icbari növlər aktiv deyil və bunun əsas səbəbi bu növlər üzrə nəzarət mexanizmlarının olmamasıdır. 2019-cu ildə əvvəlki ilə nisbətən sığorta bazarı ümumiyyətlə kiçildi. Bunun səbəbi Dövlət Başçımız Cənab İlham Əliyevin rəhbərliyi altında keçirilən çox önəmli vergi islahatlarıdır. İslahatların nəticəsi olaraq həyat sığortası şirkətlərinin sığorta yığımları azaldı.

Sığorta haqlarının ÜDM-də nisbəti azdır. Sığorta bazarının genişlənməsi, əhalinin sığorta təminatı almayan hissəsinin sığorta məhsulları ilə əhatə olunması, maliyyə xidmətlərinə çıxışın artırılması və iqtisadiyyatın şaxələndirilməsinin dəstəklənməsi məqsədilə yeni sığorta məhsullarının yaradılmasına və mövcud icbari sığorta növlərinin yenidən dəyərləndirilməsinə ehtiyac vardır. Həmçinin sığorta şirkətləri müştərilərlə ədalətli rəftar etməlidirlər, sığorta ödənişini zamanında və tam olaraq ödəməlidirlər, öhdəliklərini qanunvericiliyə əsasən yerinə yetirməlidirlər. Bunlar olmadıqda, vətəndaşlar sığorta şirkətlərinə inanmırlar və nəticədə könüllü olaraq sığortalanmırlar. Biz hal-hazırda icbari sığorta bazarının böyüməsini müşahidə edirik, çünki bu məcburi sığorta növləridir. Hətta qeyd etdiyim kimi, icbari növlər də hamısı inkişaf etmir. Sığorta bazarı o zaman həqiqi inkişafa başlayar ki, könüllü növlər inkişaf etsin, bu isə vətəndaşların sığortaya inamından çox asılıdır.

Peşəkar sığortaçı olaraq, fikrinizcə sığorta bazarında nə işlər görülməlidir ?

Sığorta bazarında çox böyük potensial var. Cənab Prezident tərəfindən ölkədə aparılan islahatlar sığorta bazarından da yan keçmir. Sığorta bazarının islahatlara ehtiyyacı var. Sığorta bazarında çox işlər görülməlidir. Hər bir halda bunlar birdəfəyə edilə bilməz, bu dəyişikliklər zaman alacaq. Misal olaraq bir neçəsini qeyd edə bilərəm ki, sığorta bazarında sığorta qanunvericiliyi təkmilləşdirilməlidir, qanunvericilikdə boşluqlar aradan qaldırılmalıdır. Sığorta bazarına xarici investorların cəlb edilməsi üçün əlverişli şərayit yaradılmalıdır. Xarici investor sığorta bazarına yeni texnologiya gətirəcək, yerli sığorta şirkətləri xarici sığorta şirkəti ilə rəqabətə dözmək üçün göstərdikləri xidmətin keyfiyyətini artırmaq məcburiyyətində qalacaqlar. Xarici investor sığortaya yeni baxış gətirəcək, bazara yeni nəfəs gətirəcək. Həmçinin düşünürəm ki, sığorta bazarına nəzarət mexanizmlərı təkmilləşdirilməlidir. İcbari sığorta növləri yenidən dəyərləndirilməsinə, sığortanın on-line alınmasının stimullaşdırılmasına, maarifləndirmə işlərinin geniş formatda aparılmasına da ehtiyyac var.

Müəllif: Aynur Qəniyeva