Bu ilin yanvar-aprel aylarında Azərbaycanın kapital bazarında ümumilikdə 27 milyard 125 milyon manatdan çox ticarət dövriyyəsi qeydə alınıb.
Bu barədə Finss.az-a Bakı Fond Birjasından məlumat verilib.
Məlumata görə, bu göstərici 9 min 694 ədəd əqdin həyata keçirildiyini göstərir. Orta günlük ticarət həcmi 1 milyard 232 milyon manat, orta gündəlik əqd sayı isə 441 olub.
Dövlət qiymətli kağızları üzrə dövriyyə 3 milyard 203 milyon manat təşkil edib. Bu bazarda cəmi 346 əqd bağlanıb, orta günlük həcmi isə 145 milyon manatdan çox olub. Əqdlərin böyük hissəsi — 1 milyard 688 milyon manatlıq hissəsi təkrar bazarda gerçəkləşib.
Azərbaycan Respublikasının Mərkəzi Bankı (ARMB) notları üzrə dövriyyə isə 69 milyon manatı ötüb. Bu müddətdə bu alətlərlə 75 əqd bağlanıb.
Korporativ qiymətli kağızlar bazarında canlanma müşahidə olunub. Belə ki, ümumi dövriyyə 489 milyon 782 min manat təşkil edib. Bu məbləğin 405 milyon manatı ilkin bazarda, 84 milyon manatdan çoxu isə təkrar bazarda formalaşıb. Əqdlərin ümumi sayı 7 min 111 olub.
İpoteka istiqrazları üzrə dövriyyə də diqqət çəkir – 634 milyon 874 min manat. İlkin bazar üzrə bu istiqrazlarla 300 milyon manatlıq, təkrar bazarda isə 334 milyon manatlıq ticarət baş tutub.
Bazarın ən böyük payı REPO əməliyyatlarının payına düşür. Bu alətlərlə bağlı dövriyyə 22 milyard 728 milyon manatı ötüb. Ən çox əqdlər dövlət istiqrazları (17,5 milyard manat) və korporativ qiymətli kağızlar (5,2 milyard manat) üzrə bağlanıb.
Ümumilikdə, 2025-ci ilin ilk dörd ayında kapital bazarının ilkin bazar üzrə dövriyyəsi 2 milyard 286 milyon manat, təkrar bazarda isə 2 milyard 110 milyon manat olub.
Fuad Mədətov
Finss.az

