2025-ci ilin aprel ayı etibarilə Bakı şəhərinin təkrar mənzil bazarında bir mənzilin orta satış qiyməti təxminən 180–200 min AZN təşkil edir.
Bu barədə Finss.az-a Azərbaycan Qiymətləndiricilər Palatasından məlumat verilib.
Orta qiymətlərin hesablanmasında bazardakı orta mənzil sahəsi və kvadratmetr üçün orta satış qiyməti əsas götürülüb. Məsələn, 90 kv.m-lik tipik bir mənzil üzrə kvadratmetr qiyməti 2200 AZN səviyyəsində olduqda, həmin mənzilin ümumi satış dəyəri 198 min AZN təşkil edir. Bu isə təxminən 115 min ABŞ dolları ilə eyniləşir.
Müqayisə üçün qeyd edək ki, 2013-cü ildə Bakı şəhərində təkrar mənzil bazarında bir mənzilin orta qiyməti 113 162 ABŞ dolları səviyyəsində olub. Bu da göstərir ki, manatın devalvasiyaları fonunda son on ildə dollar ifadəsində qiymət təxminən sabit qalsa da, manat ifadəsində əhəmiyyətli artım müşahidə olunub.
Ekspertlərin fikrincə, bu fərq həm bazardakı inflyasiya təzyiqləri, həm də yerli valyutanın alıcılıq qabiliyyətindəki dəyişikliklər ilə izah olunur.
Fuad Mədətov
Finss.az