2025-ci ilin aprel ayında Bakı şəhərinin təkrar mənzil bazarında qiymətlərdə cüzi artım müşahidə olunub.
Bu barədə Finss.az-a Azərbaycan Qiymətləndiricilər Palatasından məlumat verilib.
Aparılan təhlillərə əsasən, mart ayı ilə müqayisədə aprel ayında orta kvadratmetr qiyməti təxminən 1% artaraq bahalaşma meylinin davam etdiyini göstərib. Yeni tikililərdə qiymət artımı bir qədər yüksək – təxminən 1,5%, köhnə tikililərdə isə bu göstərici 1%-ə yaxın olub.
Bazarda təklif sayında da az da olsa artım qeydə alınıb – martdan apreldə aktivlik təxminən 1–2% civarında yüksəlib. Ekspertlərin qeyd etdiyinə görə, bu göstəricilər kəskin sıçrayışdan deyil, bazarda sabit artım tendensiyasından xəbər verir.
Ümumilikdə, mart ayında müşahidə olunan bahalaşma trendləri aprel ayında da davam edib, lakin qiymətlərdə nəzərəçarpacaq sıçrayış müşahidə olunmayıb.
Fuad Mədətov
Finss.az