Finss.az - Bu ilin əvvəlindən may ayının 10-dək Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə nəql edilən təbii qazın həcmi 3,82 milyard kubmetrdən çox olub.
Bu barədə TAP AG boru kəməri operatoru məlumat yayıb.
Məlumata görə, sözügedən dövr ərzində İtaliyaya 3,15 milyard kubmetr, Yunanıstana 0,35 milyard kubmetr, Bolqarıstana isə 0,29 milyard kubmetr Azərbaycan qazı tədarük edilib.
TAP AG həmçinin bildirib ki, kommersiya istismarına başlandığı 2020-ci ilin sonundan 2025-ci il may ayının 10-dək ümumilikdə 46,5 milyard kubmetrdən çox təbii qaz nəql edilib.
Xatırladaq ki, TAP boru kəmərinin tikintisi 2020-ci ilin oktyabrında tamamlanıb. Kəmər ümumilikdə 878 km uzunluğundadır. Onun 550 km-i Yunanıstanın, 215 km-i Albaniyanın ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir. TAP vasitəsilə Azərbaycan qazının Avropaya tədarükünə 2020-ci il dekabrın 31-dən start verilib.
Azərbaycan və Avropa İttifaqı arasında əldə olunan razılaşmaya əsasən, 2027-ci ilədək ölkənin Avropaya qaz ixracı illik ən azı 20 milyard kubmetrə çatmalıdır. TAP-ın genişləndirilməsinin ilk mərhələsində İtaliyaya əlavə 1 milyard kubmetr, Albaniyaya isə 200 milyon kubmetr Azərbaycan qazı ixrac ediləcək.