Finss.az - ABŞ fond bazarları çərşənbə axşamı mənfi zonada bağlanıb.
Bu, dövlət istiqrazlarının gəlirliliyinin artması və Federal Ehtiyat Sistemi (FED) nümayəndələrinin açıqlamaları fonunda baş verib.
SP 500 indeksi yeddi günlük ardıcıl artımdan sonra ilk dəfə olaraq geriləyib. Dow Jones Industrial Average indeksi 114,83 bənd və ya 0,27% azalaraq 42.677,24 bəndə düşüb. Nasdaq Composite isə 72,75 bənd və ya 0,38% azalaraq sessiyanı 19.142,71 bəndlə başa vurub.
Analitiklər bildirirlər ki, əhəmiyyətli iqtisadi göstəricilərin olmaması investorları ABŞ-ın ticarət siyasətinin iqtisadiyyata təsirlərini qiymətləndirməyə sövq edib. Sent-Luis Federal Ehtiyat Bankının rəhbəri Alberto Musalema ABŞ-ın tətbiq etdiyi idxal rüsumlarının iqtisadi artımı zəiflədə və inflyasiyanı ləngidə biləcəyini deyib.
Bazar iştirakçıları bu il ərzində FED-in əsas faiz dərəcəsini azı iki dəfə – hər biri 25 baza bəndi olmaqla – azaltmasını gözləyir. İlk azalma sentyabr ayında baş verə bilər.
Şirkət xəbərləri:
-
Home Depot Inc. sessiyanın əvvəlində müsbət maliyyə göstəricilərinə görə dəyər qazansa da, sonradan 0,6% ucuzlaşaraq günü “qırmızı zonada” tamamlayıb. Şirkət birinci rübdə 9,4% gəlir artımı ilə analitik proqnozlarını üstələyib və illik göstəricilərə dair proqnozunu təsdiqləyib.
-
Alphabet Inc. səhmləri illik Google I/O konfransının ardından 1,5% dəyər itirib.
-
Texnologiya sektorunda satış dalğası müşahidə olunub. Nvidia (-0,9%), AMD (-1,1%), Apple (-0,9%), Microsoft (-0,2%), IBM (-0,5%) və Super Micro Computer (-4,5%) səhmləri enişlə üzləşib.
-
Digər tanınmış şirkətlərdən Amazon (-1%), American Express (-1,1%), Goldman Sachs və Chevron (-0,9%) da azalma qeydə alıb.
-
Kruiz və turizm sektorunda da eniş müşahidə olunub: Carnival Corp. (-2,1%), Norwegian Cruise Line (-3,9%), Royal Caribbean (-1,9%), Las Vegas Sands (-3,2%), Wynn Resorts (-2,9%).
Bazarın müsbət tərəfi:
UnitedHealth Group (+1,8%), Boeing (+1,2%) və Merck Co. (+1%) Dow Jones indeksində müsbət dinamika göstərən əsas şirkətlər olub.
Tesla səhmləri 0,5% artıb. Şirkətin rəhbəri Elon Musk yaxın beş ildə də rəhbərlikdə qalacağını açıqlayıb.
Bundan əlavə, Amer Sports səhmləri 2025-ci il üçün maliyyə proqnozlarının yaxşılaşdırılmasından sonra 19%-dən çox bahalaşıb.