MÜSAHİBƏ

23 May

Azərbaycanın əsas rol oynadığı Türk dövlətlərinin iqtisadiyyatı 5,4 faiz artıb - Vüqar Bayramov

2024-cü ildə Türk dövlətlərinin iqtisadiyyatı 5,4 faiz artaraq qlobal iqtisadi artım göstəricisini (3,2 faiz) əhəmiyyətli dərəcədə üstələyib. Bu ölkələrin birgə ÜDM-i 2,11 trilyon dollar təşkil etməklə, qlobal iqtisadiyyatın 1,8 faizini, ümumi ticarət dövriyyəsi isə 1,17 trilyon dollar olmaqla dünya ticarətinin 3,5 faizini əhatə edib.

Finss.az xəbər verir ki, bu barədə Milli Məclisin plenar iclasında çıxış edən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vüqar Bayramov məlumat verib.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan Türk dövlətləri arasında strateji əməkdaşlıq və iqtisadi inteqrasiyanın güclənməsində mühüm rol oynayır:

“Yeni dünya düzəninin formalaşdığı mərhələdə, regional siyasi təlatümlərə baxmayaraq, Prezident İlham Əliyevin rəhbərliyi ilə yürüdülən siyasət Azərbaycanın geosiyasi çəkisini artırmaqla onu regional “orta güc” dövlətinə çevirib”, – deyə V.Bayramov vurğulayıb.

O qeyd edib ki, çoxvektorlu xarici siyasət Azərbaycanın eyni vaxtda Qərb və Şərq arasında balanslı tərəfdaşlıq əlaqələrini möhkəmləndirib. Bu, həm də regional təhlükəsizliyin təminatında ölkənin rolunu artırıb.

Deputatın sözlərinə görə, Azərbaycanın enerji sektorundakı göstəriciləri iqtisadi və siyasi çəkisini daha da artırır. 2024-cü ildə Azərbaycanın Avropaya qaz ixracı 8,6 faiz artaraq 12,9 milyard kubmetrə çatıb. Bu müddətdə ölkədə 50,3 milyard kubmetr təbii qaz hasil edilib. Bu da əvvəlki illə müqayisədə 2 milyard kubmetr çoxdur və ölkə tarixində ilk dəfə hasilat 50 milyard kubmetrdən yuxarı qalxıb.

“Hazırda Azərbaycan 12 ölkəyə mavi qaz nəql edir. Bu, təkcə dövlət gəlirlərini artırmır, eyni zamanda Azərbaycanın regional enerji təhlükəsizliyinin təminində əsas aktor kimi mövqeyini möhkəmləndirir”, – deyə millət vəkili bildirib.

V.Bayarmov ona da qeyd edib ki, Azərbaycan bu göstəricilərlə Mərkəzi və Şərqi Avropa da daxil olmaqla bir çox tərəfdaş ölkə ilə yeni enerji əməkdaşlıqları üçün imkanlar yaradır. Eyni zamanda, bu dinamika Türk dövlətləri arasında iqtisadi-siyasi inteqrasiyanın möhkəmlənməsinə və qlobal güc mərkəzlərindən biri kimi formalaşmasına dəstək verir.