Finss.az - 2025-ci ilin yanvar-mart aylarında Azərbaycanda sosial müdafiə sahəsində xərclər əhəmiyyətli dərəcədə artıb.
Dövlət Statistika Komitəsi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatlarına əsasən, pensiya və müavinətlərin maliyyələşdirilməsinə yönəldilmiş vəsaitin həcmi ötən ilin müvafiq dövrünə nisbətən 9,4 faiz artaraq 1 milyard 806,6 milyon manata çatdırılıb. Sərf olunan vəsaitin 97,9 faizi pensiya xərclərinə sərf olunub.
2025-ci il aprelin 1-i vəziyyətinə Dövlət Sosial Müdafiə Fondunda 1 milyon 100,5 min nəfər pensiyaçı qeydiyyatda olub ki, bu da ölkə əhalisinin 10,8 faizini təşkil edir. Pensiyaçıların 64,4 faizi yaşa görə, 23,1 faizi əlilliyə, 12,5 faizi isə ailə başçısını itirməyə görə pensiya alır.
Orta aylıq təyin olunmuş pensiyanın məbləği isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,5 faiz, cari ilin əvvəlindən isə 8,2 faiz artaraq 537,3 manat təşkil edib. Bu məbləğ ölkədə orta aylıq əmək haqqının 49,6 faizinə bərabərdir.
Azərbaycan Prezidenti İlham Əliyevin 5 fevral 2025-ci il tarixli sərəncamına əsasən, bütün növ əmək pensiyaları orta aylıq nominal əməkhaqqının artım tempinə uyğun indeksləşdirilərək artırılıb. Eyni zamanda, əmək pensiyasının minimum məbləği 14,3 faiz yüksələrək 320 manata çatdırılıb.
Sosial müdafiə tədbirləri çərçivəsində 2025-ci ilin yanvar-aprel aylarında müxtəlif kateqoriyalardan olan şəxslərə sosial müavinətlər və kompensasiyalar da təyin olunub. Məsələn, yaşa görə aylıq müavinət alanların sayı 161,6 min nəfər, əlilliyə görə - 217,9 min nəfər, ailə başçısını itirməyə görə isə 57,1 min nəfərdir.
Ümumilikdə, aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımı verilib və 75,1 min ailənin 329,7 min üzvü bu yardımdan faydalanıb. Orta aylıq yardım məbləği 102,95 manat təşkil edir.
Bundan əlavə, müxtəlif kateqoriyadan olan 401,5 min şəxsə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin olunub.