Finss.az - Azərbaycan Respublikasında 2025-ci ilin ilk üç ayı üzrə demoqrafik göstəricilər rəsmi statistikaya əsasən sabit artım meyillərini qoruyub saxlayır.
Dövlət Statistika Komitəsinin açıqladığı son məlumata görə, 2025-ci il aprelin 1-nə olan vəziyyətə əsasən, ölkə əhalisinin sayı ilin əvvəlindən 8 253 nəfər və ya 0,1% artaraq 10 233 142 nəfərə çatmışdır.
Böyük Qayıdış davam edir: 43 min nəfər işğaldan azad olunmuş ərazilərdə məskunlaşıb
Prezident İlham Əliyevin təsdiqlədiyi "Böyük Qayıdış" proqramı çərçivəsində əhəmiyyətli addımlar atılmağa davam edir. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatına görə, 01.05.2025 tarixədək 13 745 nəfər (3 464 ailə) işğaldan azad olunmuş ərazilərə daimi şəkildə köçürülüb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin açıqlamasına əsasən isə 28 249 nəfər bu ərazilərdə müvəqqəti peşə fəaliyyəti və tikinti işləri ilə əlaqədar yaşayır. Xankəndidə yerləşən Qarabağ Universitetində təhsil alan 1 150 tələbə də nəzərə alınmaqla, bölgədə məskunlaşan ümumi əhali sayı 43 144 nəfər təşkil edir.
Doğum azaldı, ölüm göstəricisi də aşağı düşdü
2025-ci ilin yanvar-mart aylarında 22 119 körpə doğulub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 407 nəfər azdır. Əhalinin hər 1000 nəfərinə düşən doğum əmsalı 9,7-dən 8,8-ə düşüb.
Ölüm hallarında isə müsbət dinamika müşahidə olunub: 2024-cü ilin eyni dövründə 15 645 nəfər vəfat etmişdisə, 2025-ci ilin ilk üç ayında bu rəqəm 14 172 nəfərə düşüb. Bu da əhalinin hər 1000 nəfərinə hesablandıqda ölüm göstəricisinin 6,2-dən 5,6-ya enməsi deməkdir.
Nikahlar artır, boşanmalar azalır
Nikah bağlayanların sayı 11 206 nəfər, boşananların sayı isə 4 765 nəfər olub. Bu da nikah göstəricisinin 2024-cü ilə nisbətən 10% artması, boşanma hallarının isə 5% azalması deməkdir.
Nikah göstəricisinin ən yüksək olduğu iqtisadi rayonlar:
-
Şərqi Zəngəzur – 6,3
-
Qarabağ – 6,2
-
Mil-Muğan – 5,4
-
Lənkəran-Astara – 5,0
Miqrasiya saldosu yenə müsbət qaldı
Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin məlumatına görə, daimi yaşamaq məqsədilə Azərbaycana 773 nəfər gəlib, 467 nəfər ölkədən gedib. Nəticədə miqrasiya saldosu +306 nəfər təşkil edib.
Əhalinin bölgələr üzrə paylanması:
-
Bakı şəhəri – 23%
-
Naxçıvan MR – 4,6%
-
Lənkəran-Astara – 9,2%
-
Qarabağ – 7,3%
-
Abşeron-Xızı – 8,6%
-
Şərqi Zəngəzur – 3%
-
və digər bölgələr üzrə göstəricilər sabitdir.