MÜSAHİBƏ

17 İyun

“Moody’s” Yaxın Şərq üçün üç əsas təhlükəni açıqlayıb

İsrail və İran arasında artan hərbi qarşıdurma təkcə tərəflər üçün deyil, bütün Yaxın Şərq regionu üçün iqtisadi və maliyyə baxımından yeni risklər yaradır.

Finss.az xəbər verir ki, bu barədə “Moody’s” beynəlxalq reytinq agentliyinin vitse-prezidenti, suveren risk üzrə aparıcı analitiki Aleksandr Perjessy məlumat verib.

Agentliyin təhlilinə əsasən, bu hücumlar İran-İraq müharibəsindən bəri Tehrana qarşı həyata keçirilmiş ən böyük miqyaslı və dağıdıcı hərbi əməliyyat sayılır. Nəticədə İranın nüvə və hərbi infrastrukturu, cənubdakı iri qaz emalı zavodu, eləcə də bəzi mülki obyektlər zərbələrə məruz qalıb. Eyni zamanda, bir neçə yüksək rütbəli hərbçi və nüvə alimi həlak olub.

İran cavab olaraq İsrail ərazisinə ballistik raketlərlə zərbələr endirib. Hərçənd bu hücumlar insan tələfatı və dağıntılarla nəticələnib, strateji infrastrukturun zərər görmədiyi bildirilir.

Moody’s-in üç əsas risk istiqaməti:

  • Geosiyasi və təhlükəsizlik riski – Hərbi əməliyyatların miqyasının genişlənməsi iqtisadi infrastruktura, investisiyalara və gündəlik fəaliyyətlərə təsir edə bilər.
  • Ticarət və enerji axınlarının pozulması – Hörmüz boğazında baş verəcək hər hansı gərginlik GCC ölkələrinin neft və qaz ixracatına, həmçinin İsrailin təbii qaz tədarükünə ciddi zərbə vura bilər.
  • Makroiqtisadi və maliyyə sabitliyinin pozulması – İnvestor inamı zəifləyir, maliyyə şərtləri sərtləşir və hava məkanlarının bağlanması kimi logistika problemləri yaranır.

Agentlik bildirir ki, İsrail artıq iki əsas qaz yatağında hasilatı dayandırıb, bu isə Misir və İordaniyaya ixracda məhdudiyyətlər yaradıb. Regionda enerji təhlükəsizliyi və iqtisadi ticarət zəncirlərinə təzyiq artır.

Hörmüz boğazının əhəmiyyəti və risklər
Moody’s qeyd edir ki, İran hələlik əsas neft ixrac infrastrukturuna hücum etməyib. Bu da Hörmüz boğazının bağlanması riskini aşağı salır, çünki belə addım İranın öz ixracına da zərbə vuracaq və ABŞ-ın birbaşa müdaxiləsinə səbəb ola bilər.

Reytinqlər hələ dəyişmir, lakin təzyiq artır
Agentlik bildirir ki, hal-hazırda region ölkələrinin suveren reytinqlərində dəyişiklik nəzərdə tutulmur, lakin vəziyyət diqqətlə izlənilir. Moody’s hesab edir ki, nə GCC ölkələri, nə də digər regional aktorlar bu qarşıdurmaya cəlb olunmaq niyyətində deyil. Onların əsas diqqəti iqtisadi islahatlara və sabitliyə yönəlib.

Fuad Mədətov
Finss.az