İsrail-İran gərginliyi fonunda bölgədə təhlükəsizlik risklərinin artması İranda olan bir sıra ölkələrin vətəndaşlarının təxliyyəsini gündəmə gətirib. Bu çətin mərhələdə Azərbaycan hava məkanını açaraq və təhlükəsiz tranzit imkanları yaradaraq regionda humanitar dəhliz rolunu uğurla icra etməkdə davam edir.
Finss.az xəbər verir ki, bu çərçivədə Qırğızıstan Respublikasının İranda olan vətəndaşlarının təhlükəsiz şəkildə təxliyəsi də məhz Azərbaycanın dəstəyi ilə mümkün olub. Ümumilikdə 28 Qırğızıstan vətəndaşı Azərbaycandan keçməklə vətənlərinə yola salınıb. Hazırda daha 30 nəfərin təxliyəsi ilə bağlı hazırlıqlar davam etdirilir.
Qırğızıstanın Azərbaycandakı səfiri Maksat Mamıtkanov prosesin təhlükəsiz və operativ şəkildə təşkilinə görə Azərbaycan tərəfinə dərin minnətdarlığını bildirib:
"Azərbaycanın göstərdiyi hərtərəfli kömək və yüksək təşkilatçılıq sayəsində vətəndaşlarımızın təxliyəsi sürətli və təhlükəsiz şəkildə həyata keçirildi. Bu, ölkələrimiz arasında qardaşlıq münasibətlərinin və qarşılıqlı etimadın daha bir bariz nümunəsidir", – deyə səfir vurğulayıb.
M.Mamıtkanov qeyd edib ki, bu humanitar proses yalnız diplomatik əməkdaşlıq deyil, həm də beynəlxalq həmrəyliyin və humanist dəyərlərin təcəssümüdür:
"Azərbaycan bu mürəkkəb geosiyasi vəziyyətdə yalnız öz vətəndaşlarını deyil, dost ölkələrin insanlarını da unutmur. Biz bu məsuliyyətli yanaşmaya görə Azərbaycan hökumətinə və bütün aidiyyəti qurumlara təşəkkür edirik", – deyə o bildirib.
Təxliyyə prosesi çərçivəsində Qırğızıstan səfiri Maksat Mamıtkanov ilə yanaşı, Azərbaycan-Qırğızıstan Ticarət Evinin rəhbəri, “Zaferoğlu İnşaat” şirkətinin təsisçisi Zəfər Məmmədov da iştirak edib.
Azərbaycanın bölgədə sabitlik və humanitar təhlükəsizliyin təminində oynadığı rol ölkənin beynəlxalq nüfuzunun artdığını bir daha təsdiqləyir.
Fuad Mədətov
Finss.az


