Finss.az - Rusiyanın “Silovıye Sistemy” şirkəti “Finam Menecment”in idarəçiliyi ilə ixtisaslaşmış investorlar üçün nəzərdə tutulmuş “Finam — Kriptozavod 1.0” adlı qapalı paylı investisiya fondunu (ZPİF) istifadəyə verib.
Bu barədə “Vedomosti” nəşri məlumat yayıb.
Yeni fond vasitəsilə investorlar kriptovalyuta mayninq biznesində pay sahibi olacaqlar. Fond qaz-porşenli qurğular və kriptovalyuta istehsalı üçün zəruri avadanlıqlar alaraq sənaye mayninqinə sərmayə yatırır. Fondun aktivlərinə həmçinin mayninq avadanlığının yerləşdiriləcəyi xüsusi sahə və sabit qiymətə qaz tədarükü üzrə müqavilə daxildir. Bütün aktivlər xüsusi depozitar tərəfindən idarə olunur və mütəmadi olaraq yenidən dəyərləndirilir.
Beş illik müddətə nəzərdə tutulan fondun ilkin həcmi 850 milyon rubl təşkil edir. İnvestor üçün minimum giriş məbləği isə 5 milyon rubldur. Maliyyə modeli illik 49%-ə qədər gəlir vəd edir. Bundan əlavə, investorlar illik 10%-ə əsasən rüblük ödənişlər də əldə edəcəklər. Fondun idarəçiliyinə görə “Finam Menecment” illik 1% komissiya haqqı alacaq.
Əsas risklər bitkoin və dollar məzənnəsindəki dalğalanmalarla bağlıdır.
Qeyd edək ki, Rusiya 2024-cü ilin noyabrında qəbul edilən “Mayninq haqqında” qanunla sənaye mayninqini rəsmi şəkildə hüquqi çərçivəyə salıb. Qanuna əsasən, kriptovalyuta istehsalı ilə yalnız Federal Vergi Xidmətinin xüsusi reyestrinə daxil olan fərdi sahibkarlar və hüquqi şəxslər məşğul ola bilər. 2025-ci ilin fevral ayına olan məlumata görə, reyestrdə 518 mayner və 91 infrastruktur operatoru qeydiyyata alınıb.