2025-ci ilin birinci rübündə xidmətlər balansının həcmi 4,7 milyard ABŞ dolları təşkil edib. Bunun 2,7 milyard dolları qeyri-rezidentlərin Azərbaycanın rezidentlərinə göstərdiyi xidmətlərə, 2,0 milyard dolları isə Azərbaycan rezidentlərinin xarici ölkələrin rezidentlərinə təqdim etdiyi xidmətlərə aid olub.
Finss.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, xidmətlər balansında yaranan kəsir 36,3% artaraq 0,7 milyard dollar olub. Neft-qaz sektoru üzrə xidmətlər balansının kəsiri əsasən tikinti və digər işgüzar xidmətlərdən ibarət olmaqla 375,3 milyon dollar təşkil edib. Qeyri-neft-qaz sektoru üzrə xidmətlər balansının kəsiri isə 377,5 milyon dollar olub.
Qarşılıqlı xidmətlər dövriyyəsinin 26,7%-i nəqliyyat xidmətlərinə aiddir. Ümumi dəyəri 1,2 milyard dollar olan nəqliyyat xidmətlərinin 63,1%-i qeyri-rezidentlərin Azərbaycanın nəqliyyat xidmətlərindən istifadəsi ilə bağlıdır. Azərbaycan rezidentlərinin qeyri-rezidentlərə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri 788,9 milyon dollar, qeyri-rezidentlərin Azərbaycan rezidentlərinə göstərdiyi nəqliyyat xidmətlərinin dəyəri isə 460,6 milyon dollar təşkil edib.
Hesabat dövründə qeyri-neft-qaz sektoru üzrə nəqliyyat xidmətlərinin ixracı 23,3%, idxalı isə 4,9% artıb. Nəticədə nəqliyyat xidmətləri üzrə profisit 17,8% artaraq 328,3 milyon dollar olub. Qeyd edək ki, 2024-cü ilin birinci rübündə bu göstərici 278,7 milyon dollar təşkil etmişdi.
Fuad Mədətov
Finss.az