MÜSAHİBƏ

21 İyun

Dünya üzrə birbaşa xarici investisiyalar 11% azalıb - UNCTAD

2024-cü ildə dünyada birbaşa xarici investisiyalar (BXİ) ötən illə müqayisədə 11 % azalaraq 1 trilyon 493 milyard ABŞ dolları təşkil edib. Bu göstərici 2023-cü ildə 1 trilyon 673 milyard dollar idi.

Bu barədə Finss.az BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) illik hesabatına istinadən xəbər verir.

Məlumata əsasən, BXİ ardıcıl ikinci ildir ki, azalma tendensiyası nümayiş etdirir. BMT-nin Ticarət və İnkişaf üzrə baş katibi Rebekka Qrinspan bildirib ki, 2025-ci ildə də ciddi bərpa gözlənilmir:

“Ticarət müharibələri, silahlı münaqişələr və artan geosiyasi qeyri-müəyyənliklər ölkələr və şirkətlər arasında narahatlığı artırır”.

UNCTAD-a görə, hazırda transmilli şirkətlər uzunmüddətli investisiya planlarından daha çox milli təhlükəsizlik, tədarük zəncirlərinin dəyişməsi və qısamüddətli risklərin idarə edilməsinə üstünlük verirlər.

İnvestisiyalarda eniş əsasən inkişaf etmiş ölkələrdə müşahidə olunub:

  • İnkişaf etmiş ölkələrdə BXİ 22 % azalaraq 626 milyard dollara düşüb;
  • Avropada bu göstərici 58 % azalma ilə 182 milyard dollar olub;
    • Almaniyada azalma 89 %,
    • İspaniyada – 39 %,
    • İtaliyada – 24 %,
    • Fransada – 20 % təşkil edib;
    • Əvəzində Şimali Amerikada 23 % artım qeydə alınıb və investisiyalar 343 milyard dollara çatıb – əsas artım ABŞ-da yarımkeçirici sənayesi sahəsində baş verib.

İnkişaf etməkdə olan ölkələrdə nisbi sabitlik:

  • BXİ həcmi 0,2 % artaraq 867 milyard dollara çatıb;
  • Afrikada rekord – 75 % artım (97 milyard dollar), əsasən Misirdəki infrastruktur layihəsi hesabına;
  • Misir istisna olmaqla da Afrikada artım 12 % təşkil edib;
  • Asiyada ümumi BXİ 3 % azalıb (605 milyard dollar), əsas səbəb Çindəki 29 %-lik geriləmə olub.

Ən çox investisiya cəlb edən ölkələr:

  • ABŞ – 279 milyard dollar
  • Sinqapur – 143 milyard dollar
  • Çin – 116 milyard dollar

UNCTAD qeyd edir ki, 2025-ci ilin əvvəlində qlobal investisiya sazişləri və layihələr üzrə fəallıq çox aşağı səviyyədədir. Bu isə yaxın perspektivdə BXİ bərpası üçün müsbət siqnalların zəif olduğunu göstərir.

Fuad Mədətov
Finss.az