MÜSAHİBƏ

23 İyun

Azərbaycan Rusiyaya birbaşa investisiyasını 3 dəfəyə yaxın artırıb

2025-ci ilin yanvar-mart aylarında Rusiya Federasiyasından Azərbaycana cəlb olunmuş birbaşa xarici investisiyaların həcmi 64,33 milyon ABŞ dolları olub.

Finss.az-ın Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi məlumata görə, 2024-cü ilin eyni dövrü ilə müqayisədə Rusiyadan Azərbaycana yatırılan investisiyalar 8,78 milyon dollar və ya 15,8% artıb. Hesabat dövründə Rusiyanın Azərbaycandakı birbaşa investisiyaların ümumi həcminə payı 4,2% təşkil edib.

Eyni zamanda, Azərbaycan 2025-ci ilin ilk üç ayında Rusiya iqtisadiyyatına 18,44 milyon dollar sərmayə qoyub. Bu, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 11,25 milyon dollar və ya 2,6 dəfə çoxdur. Azərbaycan investisiyalarının Rusiyaya payı 5,9% olub və bu göstərici ilə Rusiya Azərbaycanın ən çox investisiya yatırdığı ölkələr arasında 5-ci yerdə qərarlaşıb.

Xatırladaq ki, 2024-cü ildə Rusiyadan Azərbaycana birbaşa xarici investisiyalar 55,55 milyon dollar, Azərbaycandan Rusiyaya isə 7,18 milyon dollar səviyyəsində olub.

Ümumilikdə, 2025-ci ilin birinci rübündə Azərbaycana daxil olan birbaşa xarici investisiyaların həcmi 1,519 milyard dolları ötüb ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 0,7% artım deməkdir.

Bununla yanaşı, hesabat dövründə Azərbaycandan xarici iqtisadiyyata yönəldilən birbaşa investisiyalar 315,12 milyon dollar olub və bu göstərici 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 4,6% azalıb.

Fuad Mədətov
Finss.az