MÜSAHİBƏ

23 İyun

Kredit Bürosu rəqəmsallaşır: Müştəri banka getmir

Finss.az - Artıq müştərinin banka gedib kağız üzərində ərizə doldurması dövrü geridə qalıb.

Bu barədə Azərbaycan Kredit Bürosunun (AKB) baş direktoru Elçin Həbibov jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, bu gün banklar artıq özləri müştərini axtarır və rəqəmsal həllər vasitəsilə kredit məlumatlarına çıxışı təmin edirlər.

Hazırda AKB 268 şirkətlə əməkdaşlıq edir və fəaliyyətini 4 əsas rəqəmsal platforma üzərindən həyata keçirir. Bu platformalar – Finvision, Finpush, FindocScoring sistemi – banklara və vətəndaşlara daha çevik, şəffaf və effektiv xidmətlər təqdim edir.

Elçin Həbibov bildirib ki, Finvision platforması üzərindən bazara 60-dan çox analitik hesabat təqdim olunur və bu hesabatlardan banklar aktiv şəkildə faydalanır. Finpush platforması isə kreditlərlə bağlı bildirişləri birbaşa borcalana göndərir və hal-hazırda bu xidmətin kommersiyalaşdırılması üzərində işlər aparılır. Findoc platformasında artıq 135 min vətəndaş qeydiyyatdan keçib.

AKB rəhbəri qeyd edib ki, 2018-ci ildən bu günə qədər 400 milyona yaxın kredit hesabatı təqdim olunub. Təkcə 2024-cü ildə bu rəqəm 185 milyon olub. Bundan əlavə, 2018–2025-ci illər ərzində 41 milyon scoring əməliyyatı icra edilib və bu, bazarda kredit risklərinin idarə olunmasında mühüm rol oynayıb.

Əlavə olaraq, AKB-nin bazasında hazırda 4.8 milyon borcalan, 1.7 milyon aktiv zamin135 min qeydiyyatdan keçmiş borcalan haqqında məlumat toplanıb.

2018-ci ildə cəmi 2 xidmətlə fəaliyyətə başlayan Büro 2024-cü ildə bu rəqəmi 37 xidmətə, 2025-ci ildə isə 45 xidmətə çatdıracaq. Həbibov bildirib ki, təkcə 2024-cü ildə 19 milyona yaxın onlayn sorğu qəbul edilib ki, bu da rəqəmsal xidmətlərə artan tələbatı sübut edir.