MÜSAHİBƏ

23 İyun

Qazaxıstandan Azərbaycana birbaşa xarici investisiyalar 3,9 dəfə artıb

2025-ci ilin birinci rübündə Qazaxıstanın Azərbaycan iqtisadiyyatına yönəltdiyi birbaşa xarici investisiyaların həcmi 5,871 milyon ABŞ dolları təşkil edib.

Finss.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 4,365 milyon dollar və ya 3,9 dəfə artım deməkdir.

Hesabat dövründə Qazaxıstandan gələn sərmayələr Azərbaycanın ümumi birbaşa xarici investisiya portfelində 0,4%-lik paya sahib olub.

Eyni zamanda, Azərbaycan da qarşılıqlı investisiya münasibətlərini davam etdirib. Belə ki, cari ilin ilk rübündə Qazaxıstan iqtisadiyyatına 2,779 milyon ABŞ dolları həcmində investisiya yatırılıb. Bu isə 2024-cü ilin eyni dövrü ilə müqayisədə 145 min dollar və ya 5% azalma deməkdir. Bu investisiyaların ümumi portfeldəki payı isə 0,9% olub.

Xatırladaq ki, 2024-cü ildə Qazaxıstandan Azərbaycana 1,506 milyon dollar, Azərbaycandan Qazaxıstana isə 2,924 milyon dollar həcmində sərmayə qoyulmuşdu.

Ümumilikdə, 2025-ci ilin ilk üç ayında Azərbaycan iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyaların həcmi 1,519 milyard ABŞ dollarından çox olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10,456 milyon dollar və ya 0,7% artım deməkdir.

Eyni zamanda, bu dövrdə Azərbaycandan xarici ölkə iqtisadiyyatlarına yönəldilmiş birbaşa investisiyalar 315,116 milyon dollar təşkil edib. Bu isə ötən ilin müvafiq göstəricisindən 15,335 milyon dollar və ya 4,6% azdır.

Fuad Mədətov
Finss.az