MÜSAHİBƏ

02 İyul

TANAP qaz kəmərində emissiya intensivliyi və metan səviyyəsi aşağı düşüb

Trans-Anadolu Qaz Kəməri (TANAP) layihəsi çərçivəsində 2024-cü ildə istixana qazı emissiyaları 336 800,85 ton CO₂-ekvivalent təşkil edib. Bu, 2023-cü illə müqayisədə 4,97% azalma deməkdir.

Finss.az TANAP konsorsiumunun məlumatına əsasən xəbər verir ki, ötən il bu göstərici 354 408,91 ton olub. Eyni zamanda, nəql olunan qazın hər vahidi üzrə istixana qazı emissiyalarının intensivliyi 6,45%, metan emissiyaları isə 35,68% azalıb.

Emissiyaların əsas mənbəyi sabit yanacağın yandırılmasıdır – bu, ümumi həcmin 84,92%-ni təşkil edir. Ventilyasiya emissiyaları 8,81%, elektrik enerjisi ilə bağlı emissiyalar isə 4,5% səviyyəsindədir.

Qeyd edək ki, TANAP “Şahdəniz-2” layihəsi çərçivəsində hasil olunan Azərbaycan qazını Gürcüstan-Türkiyə sərhədindən Türkiyənin qərbinə, oradan isə Avropaya nəql edir. Layihənin dəyəri 7 milyard dollardan azdır.

Hazırda TANAP-ın ötürmə gücü ildə 16 milyard kubmetrdir. Bu göstəricinin mərhələli şəkildə 24 və daha sonra 31 milyard kubmetrə çatdırılması nəzərdə tutulur. Bunun üçün əlavə kompressor stansiyalarının qurulması planlaşdırılır.

Qaz kəmərinin Türkiyə ərazisində doldurulmasına 2018-ci ilin yanvarında başlanılıb. TANAP-ın istismara verilməsi 12 iyun 2018-ci ildə, Avropaya birləşməsi isə 30 noyabr 2019-cu ildə baş tutub.

Hazırda TANAP vasitəsilə təbii qazın tərkibində müəyyən həcmdə (təxminən 2%) hidrogen qarışığının nəqli imkanları da araşdırılır. Sistemin istismar müddətinin isə 2062-ci ilə qədər davam edəcəyi gözlənilir.