“Moody’s Ratings” beynəlxalq reytinq agentliyi “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyətinin (SGC) xarici valyutada dəstəklənmiş təminatsız uzunmüddətli kredit reytinqini Ba1 səviyyəsindən Baa3 səviyyəsinə yüksəldib. Beləliklə, SGC-ə ilk dəfə olaraq investisiya səviyyəli reytinq verilib.
Finss.az xəbər verir ki, reytinq agentliyi bu qərarla yanaşı, müsbət proqnozu da saxlayıb.
“Moody’s”in açıqlamasında qeyd olunur ki, reytinqin artırılması Azərbaycan hökumətinin institusional imkanlarının güclənməsi, makroiqtisadi sabitliyin qorunması, fiskal sabitliyin möhkəmlənməsi, neft gəlirlərindən asılılığın azalması və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində görülən işlərlə bağlıdır. Bütün bu faktorlar “Cənub Qaz Dəhlizi” layihəsinin davamlılığına və maliyyə etibarlılığına müsbət təsir göstərib.
Qeyd edək ki, “Cənub Qaz Dəhlizi” layihəsi Azərbaycanın Avropa enerji təhlükəsizliyindəki strateji rolunu daha da möhkəmləndirir və ölkənin xarici investisiya cəlbediciliyini artırır.
Reytinqin yüksəldilməsi həmçinin layihənin beynəlxalq maliyyə bazarlarında etibarının artdığını, gələcəkdə daha əlverişli şərtlərlə borclanma imkanları əldə edə biləcəyini göstərir.
Fuad Mədətov
Finss.az