İpoteka və Kredit Zəmanət Fondu (İKZF) fəaliyyət göstərdiyi 2005–2024-cü illərdə hər ili mənfəətlə başa vurub. Bu dövr ərzində Fondun ümumi mənfəəti 172,1 milyon manat təşkil edib.
Finss.az xəbər verir ki, bu barədə İKZF-nin baş meneceri Rasim Abdullayev məlumat verib.
Onun sözlərinə görə, 2025-ci il iyulun 1-nə olan vəziyyətə əsasən, Fondun aktivləri 4,2 milyard manat, məcmu kapitalı isə 1,28 milyard manat olub. Bu göstəricilər Fondun yüksək kapitallaşma səviyyəsinə malik olduğunu göstərir. Belə ki, kapitalın aktivlərə nisbəti 30,5 %-dir.
"İKZF bu göstərici ilə ölkənin ən dayanıqlı və sağlam maliyyə institutlarından biri hesab olunur. Fond müasir risk menecmenti sisteminə malikdir və beynəlxalq təcrübəyə uyğun standartlar tətbiq edir. Hazırda yerli maliyyə qurumları arasında yalnız İKZF ölkənin suveren reytinqinə bərabər beynəlxalq reytinqə malikdir", – deyə R. Abdullayev bildirib.
O, həmçinin əlavə edib ki, qiymətli kağızlar bazarında ən uzunmüddətli emissiya da məhz İKZF-yə məxsusdur. Fondun istiqrazları üzrə orta müddət 22 il təşkil edir. Hazırda dövriyyədə olan istiqrazların ümumi həcmi 2 milyard 382 milyon manatdır. 2009-cu ildən bu günədək bu istiqrazlar üzrə 982,6 milyon manatlıq öhdəlik yerinə yetirilib, istiqraz sahiblərinə isə ümumilikdə 312,8 milyon manat məbləğində faiz ödənişi həyata keçirilib.
Xatırladaq ki, İKZF Prezidentin 25 dekabr 2017-ci il tarixli fərmanı ilə “Azərbaycan İpoteka Fondu” və “Kredit Zəmanət Fondu” ASC-lərin birləşməsi yolu ilə yaradılıb.
Fuad Mədətov
Finss.az