MÜSAHİBƏ

09 İyul

“Moody’s” “Bank of Baku”nun reytinqini sabit saxladı – Kredit keyfiyyəti və gəlirlilik artıb

Beynəlxalq reytinq agentliyi “Moody’s Ratings” Azərbaycan bank sektorunun aparıcı iştirakçılarından biri olan “Bank of Baku” ASC-nin yerli və xarici valyutada uzunmüddətli depozit reytinqlərini B1 səviyyəsində təsdiqləyib. Sözügedən reytinqlər üzrə proqnoz “sabit” olaraq saxlanılıb.

Finss.az xəbər verir ki, bu barədə “Moody’s Ratings”in Frankfurt ofisi məlumat yayıb.

Agentlik, həmçinin bankın kredit ödəmə qabiliyyətinin baza səviyyəsini (BCA) və dəyişdirilmiş baza səviyyəsini (Adjusted BCA) b1 səviyyəsində təsdiqləyib. Bu qərar “Bank of Baku”nun aktiv keyfiyyətində və gəlirliliyində son illərdə əldə etdiyi yaxşılaşmaları əks etdirir.

Problemli kreditlər 3 dəfədən çox azalıb
Reytinq hesabatında bildirilir ki, “Bank of Baku” son illər risklərin idarə edilməsini əhəmiyyətli dərəcədə gücləndirib və kreditvermə meyarlarını sərtləşdirib. Nəticədə, bankın portfelində problemli kreditlərin xüsusi çəkisi 2020-ci ilin sonundakı 8%-dən 2024-cü ilin sonuna 2,6%-ə qədər azalıb. Əlavə olaraq, problemli kreditlər üzrə əhatə nisbəti 93% təşkil edir ki, bu da mümkün risklərə qarşı möhkəm bufer sayılır.

Qeyd olunur ki, bankın xarici valyutada kredit ekspozisiyası çox aşağıdır – bu göstərici ümumi kredit portfelinin 1%-dən azını təşkil edir.

Kapital və mənfəət göstəriciləri stabil olaraq qalır
2024-cü ilin sonuna “Bank of Baku”nun maddi əsas kapitalının risklə çəkilmiş aktivlərə nisbəti 16,9% olub. Bu göstərici 2023-cü illə müqayisədə cüzi azalsa da, bankın mənfəəti və kapital adekvatlığı hələ də dayanıqlı səviyyədə qalır.

Bankın IFRS hesabatına əsasən, 2024-cü ildə əldə etdiyi xalis mənfəət 27,1 milyon manat təşkil edib. Bu da maddi aktivlər üzrə gəlirliliyin 2,8% səviyyəsində olması deməkdir. Agentlik bildirir ki, bu nəticəyə köhnə problemli kreditlərin əvəzlənməsi, balansın təmizlənməsi və yenidən verilmiş yüksək keyfiyyətli kreditlərin sabit faiz gəlirləri yaratması səbəb olub.

Likvidlik və maliyyələşmə göstəriciləri qənaətbəxşdir
Bankın likvidlik buferi aktivlərin 15%-ni, kredit portfelinin 34%-i və ya ümumi aktivlərin 24%-i isə bir il ərzində qayıdan vəsaitlərdir. Bu da bankın likvidlik riskinin aşağı olduğunu göstərir.

2024-cü ilin sonunda müştəri əmanətləri bankın ümumi öhdəliklərinin 76%-ni təşkil edib. Eyni zamanda, bazar maliyyələşməsi (o cümlədən uzunmüddətli dövlət vəsaitləri) bankın aktivlərinin 15%-ni təşkil edir ki, bu da aşağı refinanslaşdırma riski ilə xarakterizə olunur. Əmanət portfeli əsasən fiziki şəxslərin payına düşür və geniş yayılmış struktur nümayiş etdirir.

“Moody’s”in sabit proqnozu bankın qarşıdakı 12–18 ay ərzində möhkəm maliyyə göstəricilərini qoruyub saxlayacağına dair gözləntilərlə əsaslandırılıb. Aktiv keyfiyyəti, sərfəli kapital strukturu, aşağı valyuta riski və ehtiyatlı kredit siyasəti fonunda “Bank of Baku” mövcud reytinqini qorumağa davam edir.

Fuad Mədətov
Finss.az