Finss.az - 2025-ci ilin yanvar-iyun aylarında Azərbaycanla Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri arasındakı ticarət dövriyyəsinin həcmi 3,883 milyard ABŞ dolları təşkil edib.
Bu barədə məlumat Dövlət Gömrük Komitəsindən əldə olunub.
Komitənin məlumatına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 783,5 milyon ABŞ dolları və ya 25,3% artım göstərib. 2024-cü ilin birinci yarısında bu rəqəm 3,1 milyard dollar olmuşdu.
Cari ilin ilk yarısında MDB ölkələrinə ixrac 858,153 milyon ABŞ dolları təşkil edib ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 7,3% çoxdur. Həmçinin, MDB-dən idxal 3,025 milyard dollar həcmində olub və bu da illik müqayisədə 31,5% artım deməkdir.
Ötən ilin eyni dövründə Azərbaycandan MDB ölkələrinə ixrac 800 milyon, idxal isə 2,3 milyard dollar idi.
Ümumilikdə, 2025-ci ilin I yarısında Azərbaycan xarici ölkələrlə 24,4 milyard dollar dəyərində ticarət əməliyyatları həyata keçirib. Bu, ötən ilin eyni dövrünə nisbətən 12,1% və ya 2,632 milyard dollar çoxdur.
Xarici ticarət dövriyyəsinin 12,878 milyard dolları ixrac, 11,522 milyard dolları idxal payına düşüb. Son 1 ildə ixrac 0,2% azalmasına baxmayaraq, idxal 29,9% artıb.
Nəticədə, xarici ticarətdə 1,356 milyard dollar müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 3 dəfə azalma deməkdir.