Finss.az - Azərbaycan Mərkəzi Bankı (AMB) iyulun 23-də növbəti faiz qərarını açıqlayacaq.
Bu barədə qurumun yaydığı rəsmi məlumatda bildirilib.
Xatırladaq ki, AMB son dəfə iyunun 11-də verdiyi qərarda uçot dərəcəsini 7.25% səviyyəsində sabit saxlamış, bununla yanaşı inflyasiyanın xarici mühitində qeyri-müəyyənliklərin azalmasının növbəti iclasda yumşalma üçün şərait yarada biləcəyini vurğulamışdı.
Bu bəyanat Mərkəzi Bankın monetar siyasətdə yumşalma meylinə işarə edir. Lakin hələ də inflyasiya və iqtisadi sabitliklə bağlı risklər nəzərə alınaraq, 23 iyul iclasında uçot dərəcəsinin dəyişməz saxlanılması ehtimalı yüksəkdir. Ekspertlər əlavə edirlər ki, əgər növbəti aylarda inflyasiya səviyyəsi gözlənildiyi kimi azalmağa davam edərsə, oktyabr ayında faiz endiriminin baş tutması mümkündür.
AMB may ayından bəri uçot dərəcəsini sabit saxlayır. Hazırda uçot dərəcəsi 7.25%, faiz dəhlizinin aşağı həddi 6.25%, yuxarı həddi isə 8.25% olaraq qalır.