MÜSAHİBƏ

28 Avqust

PAŞA Sığorta”nın beynəlxalq reytinqi yüksəlib!

“AM Best” beynəlxalq reytinq agentliyi bazar payına görə ölkənin qeyri-həyat sığorta sektorunun lideri olan "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini  "BBB" , maliyyə dayanıqlılığı reytinqini "B++" səviyyəsinə yüksəldib.  Reytinq üzrə proqnozu isə “Sabit” səviyyəsində təsdiqləyib.

Maliyyə sabitliyi reytinqi özündə sığortaçının maliyyə sabitliyini və gələcəkdə yaranacaq sığorta öhdəliklərinin icra edilməsi qabiliyyətini əks etdirən müstəqil rəydir. Hazırkı reytinq “PAŞA Sığorta”nın kifayət qədər maliyyə dayanıqlılığına və sığorta öhdəliklərinin qarşılanması qabiliyyətinə malik olmasını göstərir. Həmçinin şirkətin maliyyə risklərinin daha güclü idarə olunması və kapitalın dayanıqlılığı ilə bağlı müsbət dəyişiklikləri əks etdirir.

“AM Best” agentliyinin açıqlamasında bildirilir ki, “PAŞA Sığorta” 2024-cü ildə Azərbaycanın qeyri-həyat sığorta bazarında lider mövqeyə malikdir. Son illərdə şirkət daxili və xarici resurslar hesabına idarəetməni və risklərin idarə olunması çərçivəsini təkmilləşdirmək istiqamətində addımlar atıb. Şirkətin ERM (Enterprise Risk Management) səviyyəsi onun risk profilinə uyğun hesab olunur.

“PAŞA Sığorta” 2024-cü ildə 87,5% xalis/xalis məcmu əməliyyat nisbəti və 43,8% kapital gəlirliliyi (2023-cü ildə müvafiq olaraq 87,6% və 40,2%) ilə yüksək göstəricili əməliyyat nəticələri nümayiş etdirmişdir. Eyni zamanda, investisiya gəlirliliyi 2024-cü ildə 8,8% təşkil edərək (2023: 7,9%) ümumi mənfəətə müsbət təsir göstərmişdir.

Əsası 1899-cu ildə ABŞ-da qoyulmuş “AM Best” reytinq agentliyi məhz sığorta sektorunda ixtisaslaşıb və hazırda bu sektorda fəaliyyət göstərən ən nüfuzlu agentlik hesab olunur.

"PAŞA Qrup"a daxil olan “PAŞA Sığorta” 2006-cı ildən fəaliyyət göstərir. Şirkət 700 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət təqdim edir.