30 phrase_var_core.october

Ölkəmizin nüfuzunu daha da artırıb - I hissə

Prezident İlham Əliyevin rəhbərliyi ilə son bir il ərzində sosial-iqtisadi sahələrdə əldə edilən uğurlar Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Davos İqtisadi Forumu tərəfindən yüksək qiymətləndirilib. Ötən il oktyabrın 31-də Dünya Bankı tərəfindən yayılan “Doing Business 2019” hesabatında Azərbaycan 10 ən islahatçı dövlət siyahısına daxil edilərək, dünyanın ən çox islahat aparan ölkəsi elan olunub. Hesabatda respublikamız 2017-ci illə müqayisədə 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerə yüksəlib, dünyanın bir çox ölkələrini geridə qoyaraq Müstəqil Dövlətlər Birliyi ölkələri arasında lider mövqe tutub. Davos İqtisadi Forumunun “Qlobal Rəqabətlilik 2019” hesabatında isə Azərbaycan 140 ölkə arasında “Dövlət tənzimlənməsinin yükü” alt-indikatoru üzrə əvvəlki illə müqayisədə 3 pillə irəliləyərək 12-ci yeri tutub. Bu forumun hesablamalarına görə, Azərbaycan infrastrukturun inkişafı üzrə dünya ölkələri içərisində 30-cu yeri tutub

Şübhəsiz ki, bu dəyərləndirmələrdə Azərbaycanın sosial-iqtisadi sahələrinin inkişafını sürətləndirən bir sıra önəmli layihələr mühüm rol oynayıb. Həmin layihələr sırasında “Azərspace 2” peykinin orbitə buraxılması mühüm tarixi hadisəyə çevrilib.

Xatırladaq ki, bu, müstəqil Azərbaycanın “Azerspace 1” telekommunikasiya və “Azersky” müşahidə peyklərindən sonra orbitə çıxan sayca 3-cü peyki olmaqla bərabər, həm də ölkəmizin beynəlxalq səviyyədə təqdir edilən uğur göstəricisidir. Bu uğur isə bir daha təsdiqləyir ki, son 16 il ərzində ölkəmizdə kosmik sənayenin yaradılmasına, telekommunikasiya peyklərinin orbitə çıxarılmasına, ümumi intellektual potensialın inkişafına xüsusi diqqət və qayğı göstərilib.

Yeri gəlmişkən, “Azerspace 2” peyki ABŞ-ın “Space Systems/Loral” şirkəti tərəfindən yüksək etibarlı “SSL 1300” peyk platforması əsasında istehsal olunub. Bu peykin orbitdə yanacaq ömrü minimum 20 il təşkil edəcək. Peyk hələ orbitə buraxılmamış artıq onun tutumlarının 46 faizi dünyanın peyk xidmətləri üzrə aparıcı şirkəti olan “İntelsat” şirkətinə satılıb. Burada diqqətçəkən məqam, həm də odur ki, dəyəri 190 milyon dollar olan “Azerspace 2” peykinin respublika iqtisadiyyatına 400 milyon dollar gəlir gətirəcəyi proqnozlaşdırılıb.

Prezident İlham Əliyevin 3-cü peykimizin orbitə göndərilməsi münasibətilə xalqa ünvanladığı təbrikdə söylədiyi kimi, bu uğurla ölkəmiz telekommunikasiya sahəsində xarici tərəfdaşlardan asılılığı aradan götürüb. Eyni zamanda, qısa bir müddət ərzində dünyanın kosmik klubunun üzvünə çevrilən Azərbaycan qarşıya qoyduğu bütün vəzifələri uğurla icra edib, respublikamız dünyada müasir texnologiyaların inkişafında öz dəyərli sözünü deyib və bu, hazırda da davam edir.

Ötən ilin ən yaddaqalan hadisələrindən biri də 2018-ci il mayın 14-də Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin işə salınması olub. Liman 117 hektar ərazini əhatə edir və 12 yanalma körpüsünə malikdir. Limanın yükaşırma imkanı illik 15 milyon ton yük, o cümlədən 100 min konteyner təşkil edir. Burada Ro-Ro tipli gəmilər üçün iki körpü, yeddi körpüdən ibarət universal quru yük və konteyner terminalı, iki bərə körpüsü, həmçinin xidməti donanma gəmiləri üçün bir körpü tikilib. Bu liman Asiya-Avropa xəttində logistik xidmətin mühüm hissəsini təşkil edir. Onun “Bir qurşaq, Bir yol” proqramının reallaşmasında vacib rol oynayacağı haqqında yüksək səviyyədə fikirlər səslənir.

Ötən il nəhəng transmilli Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində “Şahdəniz-2” və TANAP layihələri uğurla reallaşıb. Xatırladaq ki, TANAP-la Türkiyəyə bu il ərzində 2 milyard kubmetr, 2020-ci ildə 4 milyard kubmetr, 2021-ci ildə isə 6 milyard kubmetr Azərbaycan təbii qazı nəql ediləcək. Boru kəməri cari ilin birinci yarısında TAP qaz boru kəmərinə birləşmək üçün hazır olacaq. Layihə üzrə kapital xərcləri 8 milyard dollardır. İndiyədək TANAP layihəsinə 5,7 milyard dollar xərclənib. Geosiyasi əhəmiyyəti çox böyük olan TANAP daha geniş bir proqramın – Cənub Qaz Dəhlizinin tərkib hissələrindən biridir. Həmin Dəhlizin rəsmi açılış mərasimi ötən il mayın 29-da Səngəçal terminalında olub və o gün Azərbaycan təbii qazı Cənub Qaz Dəhlizi sisteminə vurulub.

Ardı var...