Maliyyə naziri Samir Şərifov Bakı şəhərində keçiriləcək Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 48-ci İllik Toplantısında iştirak etmək üçün Azərbaycana səfər edən Bankın prezidenti Takehiko Nakaonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Maliyyə Nazirliyindən fins.az-a verilən məlumata görə, görüşdə qlobal makroiqtisadi proseslər, onların Azərbaycan iqtisadiyyatına təsirləri barədə fikir mübadiləsi aparılıb, Azərbaycan Respublikası ilə Asiya İnkişaf Bankı arasında uğurlu əməkdaşlığın bariz nümuməsi kimi Bankın Rəhbərlər Şurasının İllik Toplantısının Bakı şəhərində keçirilməsi məmnunluqla qeyd olunub.
Ölkəmizin davamlı iqtisadi inkişafını qeyd edən Takehiko Nakao Azərbaycanın sürətlə dəyişərək inkişaf etdiyini, əhalinin rifah halının yüksəldiyinin şahidi olduqlarını ifadə edib. Eyni, zamanda, etibarlı tərəfdaşlar kimiAİB ilə Azərbaycan arasında birgə həyata keçirilən layihələrinin əhəmiyyəti qeyd olunub, bu əməkdaşlığın digər sahələrdə də genişlənəcəyinə əminlik ifadə edilib.
Sonra AİB prezidenti Maliyyə Nazirliyinin muzeyi ilə tanış olmuş və xatirə kitabına ürək sözlərini yazıb.
Daha sonra AİB-nın Rəhbərlər Şurasının hazırki sədri Samir Şərifov və bankın prezidenti Takehiko Nakao AİB-nın İllik Toplantısının keçiriləcəyi Bakı Konqres Mərkəzi və Heydər Əliyev Mərkəzində Rəhbərlər Şurasının əsas iclasının, seminarların və panel müzakirələrin keçiriləcəyi sahələri, həmçinin mətbuat mərkəzini gəzərək son hazırlıq işlərinin gedişi ilə tanış olub, Qeydiyyat Mərkəzinə gələrək öz yaxa kartlarını götürüblər. AİB prezidenti ev sahibi kimi Azərbaycan hökuməti tərəfindən yaradılan şəraiti yüksək qiymətləndirib.
“İnkişaf naminə tərəfdaşlığın gücləndirilməsi” devizi altında 2-5 may tarixlərində keçiriləcək AİB-nın Rəhbərlər Şurasının 48-ci İllik Toplantısında 3000-nə yaxın iştirakçının, o cümlədən üzv ölkələrin maliyyə nazirləri və digər hökumət rəsmilərinin, habelə mərkəzi bank rəhbərləri ilə yanaşı, özəl sektor, beynəlxalq maliyyə institutları və vətəndaş cəmiyyəti nümayəndələrinin, eləcə də tanınmış alimlər, ekspertlər, gənclər və KİV nümayəndələrinin iştirak edəcəyi gözlənilir.