Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmovun “üzən məzənnə” siyasəti ilə bağlı fikirlərinə iqtisadçı-ekspertlər münasibət bildirib. Xatırladaq ki, ölkənin baş bankiri ötən gün verdiyi açıqlamada deyib ki, Azərbaycan hələ ki, milli valyutanın məzənnəsini sərbəst buraxmağa hazır deyil. Onun sözlərinə görə, “üzən məzənnə” siyasətinə keçilərsə, manat 20-30% dəyərdən düşə bilər. Bu isə ölkə iqtisadiyyatına problemlər yarada bilər.
“1 dollar 2 manata bərabər ola bilər”
Fins.az-a açıqlama verən iqtisadçı-ekspert Samir Əliyev bildirib ki, Azərbaycanda manatın məzənnəsini dünya bazarında neftin qiyməti müəyyən edir. Odur ki, indiki şəraitdə “üzən məzənnə” siyasətinə keçid 1 dolları 2 manata bərabər edə bilər. Çünki, əmtəə birjalarında “qara qızıl” bizə lazım olan həddən 2 dəfə ucuz satılır: “Təsəvvür edin ki, “üzən məzənnə” siyasəti olsaydı, 2010-2013-cü illərdə 1 dollar 50-60 qəpiyə qədər ucuzlaşa bilərdi. Ondan neft nəzərdə tutulandan xeyli baha satılırdı. Amma Mərkəzi Bank daxili bazardan valyuta almaqla dolların ucuzlaşmasına imkan vermədi. Son vaxtlar isə daxili bazara dollar buraxmaq məsələsi gündəmə gəldi. Əgər devalvasiyaya qədər Mərkəzi Bank müdaxilə etməsəydi, dollar azı 2-3 manata qədər bahalaşa bilərdi. Hər iki vəziyyətdə bazara müdaxilə manatı bəlli səviyyədə saxlamağa imkan verdi”.
“1 dollar ən yaxşı halda 2 manat olacaq”
İqtisadçı-ekspert Vüqar Bayramov isə hesab edir ki, Azərbaycanda “üzən məzənnə” siyasətinə neftin qiymətinin yüksək olduğu dövrdə keçmək lazım idi. Onun sözlərinə görə, 2010-2012-ci illərdə bazar buna hazır idi və manatın məzənnəsinin sərbəst buraxılması ölkədə ciddi problemlər yaratmayacaqdı: “Biz bununla bağlı 2010-cu ildə Mərkəzi Banka təkliflər təqdim etmişdik. Lakin həmin dövrdə bu, tətbiq edilmədi. Neft gəlirlərinin azaldığı vaxtda isə məzənnəni süni saxlamaq mümkün olmadı və Mərkəzi Bank kəskin devalvasiyaya getməli oldu. İndiki vəziyyətdə “üzən məzənnə” siyasəti dollar azı 2 manata qədər bahalaşdıra bilər. Sonrakı dövrdə qiymətin nə qədər olacağını isə proqnozlaşdırmaq çətindir”.
“1 dolları 5-6 manata da sata bilərlər”
İqtisadçı-ekspert Pərviz Heydərov isə düşünür ki, Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı neft sektorundan əhəmiyyətli dərəcədə geri qaldığından “üzən məzənnə” siayəti manatı 5-6 dəfə ucuzlaşdıra bilər: “Tam sərbəst məzənnəyə keçilsə manat ümumiyyətlə “gəmi dəryada batan kimi” batacaq. Qısa müddətə 1 dollar 5-6 manata qədər bahalaşa bilər. Əgər idarə olunan “üzən məzənnə” siyasəti yeridilsə, qiyməti 2 manat ətrafında cilovlamaq mümkündür”.