30 Oktyabr

Kredit sığortası əhalinin xeyrinə dəyişəcək

Banklar həmişə öz müştərisinin ödəmə qabiliyyətinə şübhə ilə yanaşır. Bu səbəbdən kredit borcunun qaytarılmamasının (kredit riskinin) sığortalanması tələb olunur. Azərbaycan praktikasında bu sığortanın təşkili ilə bank özü məşğul olur, çox halda kredit götürən sənədlərə imza ataraq xəbəri olmadan sığorta haqqını ödəyir. Bu halda sığortalanan tərəf bank olur, kreditin sığortalanması xərcini isə borcalan ödəyir, bu isə kreditin dəyərini nəzərəçarpacaq dərəcədə yüksəldir.

Son məlumatlara görə, Mərkəzi Bank tərəfindən bank və sığorta şirkəti arasında sövdələşməni qadağan edən sənəd hazırlanır. Bu sənəd qüvvəyə mindikdən sonra kredit götürən müştərilər sığortanı yalnız bankın sığorta şirkətindən almaq məcburiyyətində olmayacaqlar, onlar müstəqil şəkildə inandıqları, daha sərfəli şərtlər təklif edən şirkəti seçə biləcəklər.

Fins.az "Marja"ya istinadən məlumatına görə, Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri Orxan Bayramov jurnalistlərə bildirib ki, bank və sığorta şirkəti arasında sövdələşmənin qadağan edilməsinin sığortaçılar arasında rəqabəti artıracaq və qiymətlərin aşağı düşməsinə səbəb olacaqdır:

“Biri var “A” bankı ilə yalnız “B” sığorta şirkəti işləyir. Adətən, “A” bankı və “B” şirkəti bir holdinqə məxsus olurlar. Bu cür iş prinsipi “B” şirkətinin arxayınçılığına gətirib çıxardır. İndi “A” Bankı “B” ilə bərabər “C”, “D” və s.. sığort şirkətləri ilə işləməlidir. Digər tərəfdən, banklar da sıxıntıdadırlar və buna görə məhsullarını satmaq üçün daha sərfəli şərtlər təklif edən sığorta şirkəti ilə işləməyə üstünlük verəcəklər. Bu gün bəzi banklar sığortasız kreditlər verirlər. Bu rəqbətin artmasından qaynaqlanır, banklar da qiymətləri aşağı salmaq istəyirlər. Banklar yeni qaydalar qüvvəyə mindikdən sonra “B” şirkətinə üstünlük verə bilərlər, lakin istənilən halda, bankın tərəfdaşları arasında “C” və “D” şirkətləri də olduğundan və onlar daha sərfəli şərtlər ilə sığortanı təklif etdiyindən, bankın “qanadı” altında olan “B” şirkəti də qiymətləri aşağı salmaq məcburiyyətində qalacaqdır. Bu da əhalinin xeyrinədir. Keyfiyyət artımı olacaq və qiymətlər aşağı düşəcəkdir”.

Orxan Bayramov əlavə edib ki, eyni zamanda insanların azad seçimi olduğundan onlar uzun müddət işlədikləri və etibarlı hesab etdikləri şirkətləri seçə biləcəklər.

Kredit sığortası - bu sığorta ilə banklarda istehlak krediti əldə edən şəxsin/borc alanın vəfatı və əmək qabiliyyətini tam və daimi itirməsi ilə bağlı bankla bağlanmış kredit müqaviləsinə əsasən borcunun tam və ya qismən geri qaytarmaması nəticəsində onun kredtit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi sığorta hadisəsi hesab edilir. Bu zaman kredit müqaviləsinə əsasən hadisə baş verən dövrdə borc alanın bank qarşısında faizlər daxil olmaqla qalıq kredit borcu sığorta şirkəti tərəfindən banka ödənilir.