30 Oktyabr

“AGBank”ın problemli kreditləri 23% artıb

Bu ilin əvvəlindən “AGBank”ın aktivləri 8,4% artaraq 506 milyon manatdan 706,8 milyon manata çatıb. Fins.az-ın məlumatına görə, bu barədə bankın 3–cü rübün yekunlarına aid maliyyə hesabatında bildirilir.

Hesabata əsasən, oktyabrın 1-nə “AGBank”ın müştərilərinə verdiyi kreditlərin məbləği 376 milyon 470 min manat təşkil edib. Bu, 2013-cü ilin eyni dövrü ilə müqayisədə 105 milyon 525 min manat və yaxud təxminən 39,2% çoxdur.
Son 1 ildə “AGBank”ın problemli kreditləri isə 22,9% artıb. Belə ki, ötən il oktyabrın 1-nə vaxtı keçmiş kreditlərin məbləği 39 milyon 25 min manat idisə, hazırda bu göstərici 47 milyon 950 min manatdır. Problemli kreditlərin məbləği artsa da, onların ümumi kredit portfelində payı 14,5%-dən 12,7%-ə düşüb.

Son 1ildə bankın öhdəlikləri isə 9,1% artaraq 453 milyon 628 min manat olub. Bunun 299 milyon 130 min manatını depozitlər təşkil edib. Bu, 2013-cü ilə nisbətən 9,6% çoxdur. Əmanətlərin 237 milyon 173,4 min manatlıq hissəsi fiziki şəxslərə məxsus olub.
İlin əvvəlindən “AGBank”ın məcmu kapitalı 2,8% artaraq 53 milyon 79 min manat olub. Nizamnamə kapitalı isə dəyişməyib - 25 milyon manat.