30 Oktyabr

Güzəştli kredit istəyənlərə - SIĞORTA TƏLƏBİ

Azərbaycanda güzəştli kredit və ya subsidiya almaq istəyən fermerlər təsərrüfatlarını sığortalamalı olacaqlar. Bu kənd təsərrüfatının sığortası barədə hazırlanmış yeni qanun layihəsində nəzərdə tutulur. Fins.az-ın məlumatına görə, bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyasında (ASA) təşkil edilmiş mətbuat konfransında ASA-nın sədri ORxan Bayramov bildirib. Onun sözlərinə görə, artıq kənd təsərrüfatının sığortası ilə bağlı qanun layihəsi hazırdır və baxılmaq üçün Nazirlər Kabinetinə təqdim edilib. Bu proses başa çatdıqdan sonra qanun layihəsi öz fikirlərini bildirmək üçün sığota şirkətlərinə də təqdim olunacaq. O.Bayramov bildirib ki, qanunda kənd təsərrüfatının sığortalanması ilə bağlı Türkiyə təcrübəsi - TARSİM modeli əsas götürülüb. Yəni aqrar sahənin sığortalanmasında sığorta daxılı mexanizmi yaradılacaq.

ASA sədri bildirib ki, kənd təsərrüfatı sığortası icbari olmayacaq, amma bununla bağlı fermerlərin qarşısında bəzi tələblər qoyulacaq: "Məsələn, subsidiya almaq üçün və ya güzəştli kredit almaq üçün şərtlər olacaq ki, fermerlər öz təsərrüfatlarını sığortalasınlar. Bu qayda "Aqrolizinq"in xətti ilə xidmətlərdən güzəştli istifadə etməyə də aiddir".