30 Oktyabr

“Bank VTB” 20 yeni filial açacaq

Bu ilin yanvar-avqust aylarının yekunlarına görə, “Bank VTB”-nin aktivləri 249 milyon manat təşkil edib. Bankdan fins.az-a verilən məlumata görə, bu, ilin əvvəli ilə müqayisədə 20% və yaxud 41 milyon manat, ötən ilin eyni dövrünə nisbətdə isə 65% və yaxud 98 milyon manat çoxdur.

Daha çox biznes kreditləri verib

8 ayın yekununa görə, “Bank VTB”-nin kredit portfeli isə 238 milyon manat olub. Bu, 2013-cü ilin yanvar-avqust ayları ilə müqayisədə 71% və yaxud 99 milyon manat çoxdur.
Bankın kreditlərinin yarıdan çoxu – 53%-i biznesə yönəlib. Bu baxımdan kiçik sahibkarlar 32%-lik, orta və iri iş adamları isə 21%-lik paya malik olub.
“Bank VTB”-nin ümumi kredit portfelinin 47%-ni isə istehlak kreditləri təşkil edib. Bunun da 28%-i avtomobil kreditləri, 14%-i isə nağd pul kreditləri olub.

Yeni filiallar açacaq

Sentyabrın 1-nə bankın məcmu kapitalı isə 52% və yaxud 16 milyon manat artaraq 47 milyon manata çatıb.
“Bank VTB”nin inkişaf strategiyası barədə məlumat verən Bankın Pərakəndə biznesin inkişafı Departamentinin direktoru Tural Vəliyev bildirib ki, 2016-cı ilin sonuna “Bank VTB” Bakıda və Azərbaycanın bir sıra iri şəhərlərində fəaliyyətini genişləndirmək niyyətindədir: “Bu müddət ərzində ümumilikdə 20 yeni filialın açılışı planlaşdırılır”.
Xatırladaq ki, hazırda bankın yalnız Bakıda olmaqla 9 filialı var. Yaxın günlərdə Bakıda, Xırdalan və Sumqayıt şəhərlərində yeni filiallar müştərilərin ixtiyarına veriləcək.