30 Oktyabr

Zərərlə işləyən bankların sayı niyə açıqlanmır?

Azərbaycan Mərkəzi Bankı (AMB) zərərlə işləyən bankların sayını açıqlamaqda maraqlı deyil. Fins.az-ın məlumatına görə, AMB sonuncu dəfə bu barədə məlumatı yanvar ayının yekununa əsasən açıqlayıb. Həmin vaxt ölkədəki 45 bankdan 5-nin zərərlə, 40-nın isə mənfəətlə işlədiyi məlum olub.

Yanvardan bəri 4 ay ərzində bankların maliyyə fəaliyyətinin nəticələri ictimaiyyətə qaranlıq qalıb. Baxmayaraq ki, AMB-nin bu il, fevralın 21-də manatı kəskin ucuzlaşdırması və banklarda kredit ödənişləri ilə bağlı problemlərin yaranması, vaxtı keçmiş kreditlərin məbləğinin getdikcə artması fonunda neçə bankın mənfəətlə işlədiyi xüsusi maraq doğurur.

Fins.az məsələ ilə bağlı AMB-nin Kommunikasiyalar departamenti ilə əlaqə saxlasa da, qurumdan heç bir açıqlama verilməyib. Bu cür vəziyyət isə ölkədə zərərlə işləyən bankların sayının əhəmiyyətli dərəcədə artması və AMB-nin bu məlumatı ictimailəşdirməkdə maraqlı olmaması təəssüratı yaradır.