2015-ci ilin ilk yarısında Azərbaycanda 1237 nəfər ümumi məbləği 37,69 milyon manat ipoteka krediti alıb. Bu barədə fins.az-a Azərbaycan İpoteka Fondundan (AİF) məlumat verilib. İlin əvvəlindən verilən ipotek kreditlərindən 385-i güzəştli, 852-i adi ipoteka kreditləri olub. Bir ipoteka kreditinin orta məbləği 30,5 min manat təşkil edib.
Ümumilikdə Azərbaycanda ipoteka kreditlərinə başlandığı 2006-cı ildən indiyədək verilən ipoteka kreditlərinin həcmi 595,061 milyon manata çatıb. İndiyədək ipoteka kreditlərini 17 079 nəfər alıb ki, bunlardan da 3905-i güzəştli təbəqə olub.
Ən çox ipoteka kreditini verən banklar
İlk yarım ilin nəticələrinə görə, ən çox ipoteka krediti verən bank «AG bank»dır. Bu bank indiyədək 1376 ipoteka krediti ayırıb. İpoteka kreditlərinin sayına görə, sonrakı yerləri «Bank Standard» (1303), «Xalq bank» (1293), «Muğanbank» (1196), «Dəmirbank» (1110) və «Zaminbank» (1022) olub. Ən az krediti isə «Azərbaycan Sənaye Bankı» (17), «Rabitəbank» (15) və «Azərbaycan Kredit Bank»ı (14) verib.
Ən çox ipoteka krediti Bakıda verilib
Ən çox ipoteka krediti Bakıda verilib, ümumi kreditlərin təqribən 70%i və ya 11679 krediti Bakıda yaşayanlar alıb. İpoteka krediti alanların sayına görə, rejionlar aasında sonrakı yerləri Sumqayıt (1563), Abşeron (773) və Gəncə (599) tutur.
