30 Oktyabr

Bu bank devalvasiyadan ziyan çəkməyib

“Azərbaycan Sənaye Bankı”nın son bir neçə ayda kreditləşdirməni dayandırması onun fəaliyyətində hər hansı problemlərin olması ilə bağlı deyil. Bunu fins.az-a açıqlamasında bankın İctimai əlaqələr departamentinin rəhbəri Rafiq Şahverdiyev bildirib. Onun sözlərinə görə, hazırda bankın infrastrukturu təkmilləşdirilir, mobil bankçılıq və internet bankçılıq xidmətləri yaradılır: “Müştərilərimiz olan həm hüquqi, həm də fiziki şəxslərin tələbi idi ki, onlar bankın filiallarına yaxınlaşmadan kreditlərini ödəyə bilsinlər, eləcə də digər bank əməliyyatlarını aparsınlar. Buna görə də, bank fəaliyyətini müvəqqəti dayandırıq infrastrukturunu təkmilləşdirdi. Ötən həftə elektron arayış sisteminə də qoşulduq. Düşünürəm ki, bu ayın sonuna qədər kreditləşmə bərpa olunacaq”.

Devalvasiyadan ziyan çəkməyib

Rafiq Şahverdiyev onu da bildirib ki, təmsil etdiyi bank Azərbaycanda devalvasiyadan üzüağ çıxmağı bacarmış tək-tək banklardandır: “Bizdə demək olar ki, dollarla kredit verilmirdi. Buna görə də, kredit ödənişlərində ciddi problem də yaranmadı. Həmçinin xarici valyutada öhdəliklərimiz də yox idi”. Onun sözlərinə görə, 2-ci rübün yekununda “Azərbaycan Sənaye Bankı”nın vaxtı keçmiş kreditləri 6,6 milyon manat təşkil edib ki, bu da demək olar ki, 1-ci rübün yekunu ilə eynidir. Yalnız 2-ci rübdə bankın kredit portfeli təxminən 10 milyon manat azalaraq 166 milyon manata düşüb. Son nəticədə problemli kreditlərin kredit porfelində çəkisi isə 3,8%-dən 4%-ə qalxıb. Rafiq Şahverdiyev deyir ki, son illər banka problem yaradanlar, kreditini vaxtında ödəməyənlər yox dərəcəsində olub: “Həmin 6-7 milyon manat çoxdan qalma problemli portfeldir. Onunla da bizdə Kreditlərin təqibi departamenti var, onlar problemli borcları yığırlar. Ümumiyyətlə bizdə ayrıca Problemli kreditlər departamenti yoxdur, çünki buna ehtiyac duymuruq”.

Optimallaşdırmaya getməyəcək

Bankın kredit portfeli azalsa da, “Azərbaycan Sənaye Bankı” işçilərin ixtisarına getmək, filiallarını bağlamaq niyyətində deyil: “Bizdə filiallar kifayət qədər optimal yerləşdirilib. Məsələn Dərnəgüldə bank demək olar ki, təkdir. Ona görə də, filialları azaltmaq, işçiləri ixtisar etməyə ehtiyac yoxdur. Hələ ki, indiki səviyyədə saxlayacağıq”.