Bu ilin əvvəlindən Azərbaycanın bank sektoruna daxil olmuş “Caspian Development Bank” hazırda universal bank olaraq müştərilərinə geniş spektrli bank xidmətləri göstərir. Fins.az-ın məlumatına görə, bu barədə “Caspian Development Bank”ın İdarə Heyətinin sədri İbrahim Alışov “Consulting and Business” jurnalına verdiyi müsahibədə bildirib. Onun sözlərinə görə, söhbət ənənəvi kreditləşmə, kassa-hesablaşma, əmanət qəbulu kimi xidmətlərdən gedir. Bundan başqa, ödəniş kartları, mobil bankçılıq, elektron ödəniş və s. kimi yeni, müasir bank xidmətlərinin bazara çıxarılması planlaşdırılır. Bu işlər bankın 3 illik strateji inkişaf planı çərçivəsində görülür.
Böhran dövründə aktivlərini 80% artırıb
Bu ilin fevral ayında Azərbaycanda manatın kəskin ucuzlaşdırılması əksər banklara problem yaratsa da, “Caspian Development Bank” mövcud vəziyyətdən üzüağ çıxmağı bacarıb. İbrahim Alışov deyib ki, ilin 1-ci yarısında bankın aktivləri nəinki azalmayıb, əksinə 80% artıb. Bank buna müəyyən etdiyi strategiya və kollektivi hesabına nail olub.
Yeni filiallar və şöbələr açacaq
Hazırda “Caspian Development Bank”ın xidmət şəbəkəsinə baş ofisdən əlavə Bakıda və Gəncədə şöbələr daxildir. Bununla belə, bank tezliklə həm paytaxtda, həm də regionlarda yeni filiallar açmaq niyyətindədir: “Bizim bankın səhmdarları tərəfindən təsdiqlənmiş və Azərbaycan Mərkəzi Bankı ilə razılaşdırılmış proqramımız var. Bu proqrama əsasən, tələbat olan bütün ərazilərdə yeni filial və şöbələrimizi açacağıq. Şəbəkəmiz geniş olacaq, əsas diqqət yeni investisiya layihələrinə yönəldiləcək”.