Azərbaycanda bankların, məişət texnikası satan mağazaların və sadə vətəndaşların kollektor xidmətlərinə tələbatı getdikcə artır. Bu barədə fins.az-a açıqlamasında vaxtı keçmiş borcların yığılması ilə məşğul olan “BOA” kollektor agentliyinin direktoru Samir Mustafayev məlumat verib. Onun sözlərinə görə, hazırda rəhbərlik etdiyi qurumun borc portfeli 16 milyon manatdır. Halbuki, ötən ilin eyni dövründə bu rəqəm 2 dəfə az, 8 milyon manat olub.
Bununla belə, şirkət rəhbəri hesab edir ki, mövcud borc portfelinin təxminən yarısının qaytarılacağına ümid etmək olar: “Bu borcların bir qismi çoxdan verilmiş borclardır. Onları götürənlərin bir qismi vəfat edib, bir qismi ölkəni tərk edib, həmçinin ödəniş qabiliyyəti ümumiyyətlə olmayan adamlar var. Buna görə də, hesab edirəm ki, bizə ötürülmüş 16 milyon manatın təxminən 8 milyon manatını lazımi adamlardan geri ala biləcəyik”.