Cari ilin 9 ayı ərzində 224 şəxs barəsində 146 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib. Fins.az-ın "Report"a istinadən məlumatına görə, bunu baş prokurorun müavini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bildirib.
Onun sözlərinə görə, bu müddət ərzində 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə 5108 müraciət daxil olub: "Həmin müraciətlər əsasən nəqliyyat, tikinti və bank sektoru sahələrini əhatə edib. Məhkəməyə göndərilən cinayət işlərindən 87 şəxs barəsində 58 iş mənimsəmə və israf etmə, 48 şəxs barəsində 37 iş dələduzluq, 33 şəxs barəsində 19 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, 23 şəxs barəsində 9 iş rüşvət alma, 10 şəxs barəsində 6 iş isə rüşvət vermə, 9 şəxs barəsində 9 iş saxta sənədlərdən istifadə etmə, 7 şəxs barəsində 4 iş vəzifə saxtakarlığı və 6 şəxs barəsində 3 iş vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə faktı ilə əlaqədar olub".
K.Əliyev qeyd edib ki, məhkəmələrə göndərilmiş cinayət işləri üzrə vurulmuş 98 milyon 571 min manat ziyandan istintaq müddətində 31 milyon 640 min manat və ya 32%-i ödənilib, qalan ziyanın təqsirləndirilən şəxslərin əmlakları üzərinə həbs qoyulmaqla ödənilməsi üçün qanunla nəzərdə tutulmuş tədbirlər görülüb.