30 Oktyabr

Batan kreditlər hansı sahələrə verilibmiş?

Azərbaycan Beynəlxalq Bankında (ABB) aparılan restruktizasiya tədbirləri nəticəsində kredit qoyuluşunun azalması özünü ən çox ticarət və xidmət sektorunda göstərib. Fins.az-ın məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) açıqladığı hesabatdan məlum olur. Qeyd edək ki, həmin hesabata görə, ölkə banklarının kredit portfeli 1 milyard manatdan çox azalaraq 19 milyard 113 milyon manata enib. Hesabatda bildirilir ki, sentyabr ayında bu sektora verilmiş kreditlər 414,8 milyon manat azalaraq 2 milyard 434,9 milyon manat təşkil edib. Bu isə belə bir təsəvvür yaradır ki, ABB-dən götürülən və vaxtında qaytarılmayan kreditlər əsasən ticarət və xidmət sektorunu təmsil edir.

Kreditlərin kəskin azaldığı digər sahə kənd təsərrüfatı və emal sektoru olub. Hazırda bu sektora ayrılmış kreditlərin 757,5 milyon manat ayrılıb ki, bu da əvvəlki ayla müqayisədə 191,5 milyon manat azdır.

Sənaye və istehsal sektoruna verilən kreditlər də 166,9 milyon manat azalaraq 1 milyard 968,9 milyon manat təşkil edib.

Digər sahələrdə isə azalma 100 milyon manatdan azdır. Məsələn, energetika, kimya və təbii ehtiyatlar sektoruna verilmiş kreditlər 71,4 milyon manat azalaraq 171,3 milyon manat, istehlak kreditləri 92,1 milyon manat azalaraq 7 milyard 592,3 milyon manat, inşaat və əmlak sektoruna verilmiş kreditlər isə 16 milyon manat azalaraq 2 milyard 728,5 milyon manat olub.

Bəzi sahələr üzrə isə kreditləşmə artıb. Məsələn, nəqliyyat sektoruna ayrılmış kreditlər 8,4 milyon manat artaraq 1 milyard 14,8 milyon manat təşkil edib.