30 Oktyabr

Bank əmanətlərinin cəmi 5%-i regionların payına düşüb

Bu ilin yanvar-sentyabr aylarının yekunlarına görə, Azərbaycan əhalisinin banklardakı əmanətlərinin məbləği 7 milyard 311,8 milyon manat təşkil edib. Fins.az-ın Azərbaycan Mərkəzi Bankına istinadən yaydığı məlumata görə, bunun 92,7%-i və yaxud 6 milyard 774,7 milyon manatı Bakının payına, 2,2%-i və yaxud 195,5 min manatı isə Abşeron iqtisadi rayonunun payına düşüb. Başqa sözlə, ölkənin regionlarında yaşayanların banka qoyduqları pul ümumi əmanətlərin təxminən 5%-i qədərdir.

Regionlar üzrə ən çox əmanət Gəncə-Qazax zonasında yerləşdirilib – ümumi əmanətlərin 1,7%-i qədər və yaxud 125,5 min manat. Aran bölgəsindən 88,5 min manat, Lənkərandan 34,4 min manat, Quba-Xaçmazdan 36,9 min manat, Şəki-Zaqataladan 34,3 min manat, Naxçıvandan 22,3 min manat, Yuxarı Qarabağdan 17,1 min manat, Dağlıq Şirvandan 13,6 min manat banklara əmanət qoyulub. Ən az əmanət isə Kəlbəcər-Laçın iqtisadi rayonunun payına düşüb – cəmi 2065 manat.

Əmanətlərinin gəlirliliyə gəldikcə isə, ən yüksək göstərici Abşerondadır. Bu bölgədə əmanətlərə görə illik 8,4% divident ödənilir. Bakıda isə gəlirlilik 8,1%-dir. Əmanətlər Gəncə-Qazaxda 7,8%, Lənkəranda 7,6%, Dağlıq Şirvanda 6,8%, Quba-Xaçmazda 6,7%, Aranda 6,3%, Şəki-Zaqatalada 6,2%, Kəlbəcər-Laçında 5,4%, Yuxarı Qarabağda isə 5% illik gəlir gətirir. Əmanətdən ən az qazananlar isə naxçıvanlılardır – illik 4,6%.