30 Oktyabr

Əmək müfəttişliyi banklara qarşı – YENİ TƏLƏB

Dövlət Əmək Müfəttişliyi Xidməti ölkə banklarından Müşahidə Şurası və Audit Komitəsi üzvləri ilə əmək müqaviləsi bağlamağı tələb edir. Fins.az-ın məlumatına görə, bu barədə bank eksperti Əkrəm Həsənov məlumat yayıb.

Ekspert bildirib: «Təcrübədə, bir qayda olaraq, sözügedən orqanların üzvləri ilə əmək müqaviləsi bağlanmır, amma bəzən onlara göstərdikləri fəaliyyətə görə müəyyən muzd ödənilir. Bu, normal haldır, qabaqcıl xarici təcrübəyə də tam uyğundur.

Lakin Əmək Müfəttişliyi “Banklar haqqında” Qanunun 25.2-ci (“Müşahidə Şurası üzvlərinin muzdu bankın bölüşdürülməmiş mənfəətinin faizi şəklində və ya əmək haqqı formasında səhmdarların ümumi yığıncağında təyin edilə bilər.”) və 27.3-cü (“Audit Komitəsinin üzvlərinin əmək haqqı formasında muzdu Səhmdarların Ümumi Yığıncağı tərəfindən təyin edilir.”) maddələrinə istinad edərək fərqli cür düşünür.

Əvvəla, həmin maddələrdə üzvlərlə mütləq olaraq əmək müqaviləsinin bağlanması tələbi yoxdur. Muzd mülki-hüquqi müqavilə (məsələn, xidmət müqaviləsi) əsasında da ödənilə bilər.

Qabaqcıl ölkələrdə Müşahidə Şurası və Audit Komitəsinin üzvləri ilə məhz mülki-hüquqi müqavilə bağlanılır. Onlara muzdun ödənilməsi də mütləq deyil. Lakin bizdə Audit Komitəsi üzvlərinə muzdun ödənilməsi mütləqdir. Bu baxımdan bəzi banklar mövcud tələbi pozur. Amma hər bir halda bu, Əmək Müfəttişliyinin deyil, Mərkəzi Bankın və Vergilər Nazirliyinin səlahiyyətinə aid olan məsələdir.

Çünki, dediyim kimi, əmək müqaviləsinin bağlanması mütləq deyil. Ümumiyyətlə, “Banklar haqqında” Qanunda Audit Komitəsinə idarəetmə orqanı statusunun verilməsinin özü yanlışdır. Bu baxımdan banklar illər boyu qanunvericiliyə yuxarıdan aşağı baxmalarının cəzasını çəkir. Qanuna hörmət etmək, onu inkişaf etdirmək lazım idi.

Lakin hər bir halda Əmək Müfəttişliyinin tələbini əsassız hesab edirəm. Banklara yalnız bir irad ola bilər: Audit Komitəsi üzvlərinə muzdun ödənilməməsi».