"Azerbaijan Global Investments" şirkəti Monteneqroda (Çernoqoriya) "Azmont Investments" şirkətilə birgə bank yaradacaq.
Fins.az-ın "Marja"-ya istinadən məlumatına görə, "Azmont Investments" bankın təsisçisi olacaqdır. Banka lisenziya alınması üçün Monteneqro Mərkəzi Bankına müraciət etmək qərara alınıb.
"Azerbaijan Global Investments"in (AGİ) əsas məqsədi Azərbaycanın hüdudlarından kənarda qeyri-neft sahələrində investisiya layihələrinin hazırlanması və həyata keçirilməsidir.
SOCAR-ın törəmə şirkəti olan "Azmont Investments" şirkəti Monteneqroda truzim-kurot mərkəzi tikir. Məlumata görə, SOCAR bütün işləri "Azerbaijan Global Investments" şirkətinə ötürüb.
Qeyd edək ki, bir neçə gün öncə SOCAR, Monteneqroda bank açması barədə xəbəri təkzib etmişdi. SOCAR-ın vitse-prezidenti Süleyman Qasımov bildirmişdi ki, SOCAR-ın Monteneqroda heç bir aktivi yoxdur.
"SOCAR-ın Monteneqroda nə bankı, nə də istirahət mərkəzi var", - o demişdi.
S. Qasımov əlavə etmişdi ki, SOCAR tərəfindən 2011-ci ildə alınan Kumbor adasındakı turizm-kurort kompleksi "tərəfdaşlara verilib". "Yaxın vaxtlarda tərəfdaşın adı açıqlanacaq", - deyə vitse-prezident bildirmişdi. İndi məlum olur ki, həmin tərəfdaş "Azerbaijan Global Investments" şirkətidir.
Qeyd edək ki, SOCAR 2012-ci ildə Monteneqronun Kumbor ərazisindəki “Orijen Battalion” hərbi bazasını istirahət mərkəzinə çevirməsi üçün icarəyə götürüb. Turizm-kurort kompleksinin dəyəri 281,2 mln. dollar həcmində qiymətləndirilir. Layihəni SOCAR-ın törəmə şirkəti olan "Azmont Investments" reallaşdırır.
Əlavə edək ki, SOCAR Monteneqronun qazlaşdırılmasında iştirak edə bilər.