30 Oktyabr

2014 istehlak kreditləri ili olub

2014-cü ilin yekunlarına görə, Azərbaycanda banklar və bank olmayan kredit təşkilatları (BOKT) 18,5 milyard manat kredit verib. Bu barədə fins.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir. Məlumata görə, bu, 2013-cü illə müqayisədə 20,2% çoxdur.

Kreditlərin 1/3-ni dövlət bankları verib

Kreditlərin 6 milyard 143,8 milyon manatı və yaxud 33,1%-i dövlət bankları, 11 milyard 873,6 milyon manatı və yaxud 64%-i kommersiya bankları, qalan 525,2 milyon manatlıq hissəsi isə BOKT-lar tərəfindən verilib. Kreditlərin 13,5 milyard manatı milli valyutada, 5 milyard manatı isə xarici valyutada ayrılıb.

Əmlak üçün kreditlər 37% artıb

2014-cü ildə ən sürətli artım nəqliyyat və rabitədə qeydə alınıb. Bu sahəyə ayrılan kreditlər 45,5% artıb. Sənaye müəssisələrin aldığı kreditlər isə 34%-ə yaxın artaraq 2 milyard manatı keçib. Ötən il istehlak kreditlərinin artımı da davam edib, hətta ümumi dinamikanı da üstələyib – 24,4%. Amma ən ciddi artım daşınmaz əmlakın tikintisinə və alınması üçün götürülən kreditlərdə baş verib. 2013-cü illə müqayisədə bu sahəyə ayrılan kreditlər 37% artaraq 1,22 milyard manata çatıb. Son 1 ildə ticarət və xidmət sektoruna ayrılan kreditlər 20,8%, fermerlərin maliyyələşdirilməsi isə 15,5% artıb. İnşaat və əmlak sektoruna ayrılmış kreditlərdə isə artım zəifdir – cəmi 8,1%. Energetika sektoruna verilmiş kreditlərin həcmi isə əksinə, 32% azalıb.

Sahələr

2014

2013-ə nisbətən dəyismə

Cəmi

18 542,6

20,2%

Nəqliyyat və rabitə

736,0

45,5%

Sənaye və istehsal sektoru

2 027,8

33,7%

Ev təsərrüfatlarına, o cümlədən

7 731,8

24,4%

daşınmaz əmlakın tikintisinə və alınmasına (ipoteka krediti daxil olmaqla)

1 219,1

36,9%

Ticarət və xidmət sektoru

2 680,7

20,8%

Kənd təsərrüfatı və emal

847,3

15,5%

İnşaat və əmlak

2 555,1

8,1%

Energetika, kimya və təbii ehtiyatlar sektoru

195,8

-32,1%

İstehlak kreditləri 42%-ə çatıb

Ötən il istehlak kreditlərini azaldılması üçün Mərkəzi Bankın gördüyü tədbirlər nəticə verməyib. 2014-cü ildə istehlak kreditlərinin artımı davam edərək 7,7 milyard manata, onun ölkə üzrə ümumi kredit portfelində payı 42%-ə çatıb. Müqayisə üçün bildirək ki, 2013-cü ilin sonunda istehlak kereditlərini bazar payı 40,3% idi.

Kreditləşmənin məbləğinə görə, 2-ci yeri ticarət və xidmət sektoru tutub. Kreditlərin 14,5%-i və yaxud 2,7 milyard manatı bu sahəyə ayrılıb.
Təxminən elə bu qədər, yəni 2,6 milyard manat kredit isə inşaat və əmlak sektoruna verilib. Bu, ümumi kredit portfelinin təxminən 14%-idir.
Sənaye müəssisələrin aldığı kreditlər isə 2 milyard manatı keçərək ümumi kreditlərin 11%-ə yaxınlaşıb.

Ötən il kənd təsərrüfatına verilən kreditlərin həcmi 0,85 milyard manata çatıb ki, bu da ümumi kredit portfelinin 4,6%-dir. Nəqliyyat və rabitə sektoru isə ümumi kreditlərin 4%-ni mənimsəyib. Kreditlərin cəmi 1%-i energetika və təbii ehtiyatlara ayrılıb.

Sahələr

2014

Bazar payı

Cəmi

18 542,6

100,0%

Ev təsərrüfatları

7 731,8

41,7%

Ticarət və xidmət sektoru

2 680,7

14,5%

İnşaat və əmlak

2 555,1

13,8%

Sənaye və istehsal sektoru

2 027,8

10,9%

Kənd təsərrüfatı və emal

847,3

4,6%

Nəqliyyat və rabitə

736,0

4,0%

Energetika, kimya və təbii ehtiyatlar sektoru

195,8

1,1%