Bu ilin yanvar-sentyabr aylarının yekunlarına görə, “Bank VTB (Azərbaycan)”ın aktivləri 370 milyon manat təşkil edib. Fins.az-ın bankın maliyyə hesabatına istinadən yaydığı məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 40,5% çoxdur. Son 1 ildə bankın cəmi öhdəlikləri 49,3% artaraq 324,6 milyon manat, cəmi kapitalı isə 1,1% azalaraq 45,4 milyon manat olub.
Depozit portfeli 3 dəfədən çox artıb
9 ayın yekunlarına görə, “Bank VTB (Azərbaycan)”ın kredit portfeli 340,7 milyon manat təşkil edib. Bu da 2014-cü ilin eyni dövrünə nisbətən 39,2% çoxdur. Bankın vaxtı keçmiş kreditləri isə 2,1 dəfə artaraq 42,9 milyon manat olub. Problemli kreditlərin ümumi kredit portfelində payı isə 8,2%-dən 12,6%-ə yüksəlib. “Bank VTB (Azərbaycan)”ın depozit portfeli isə 3,2 dəfə artaraq 46,9 milyon manat olub.
Ziyana işləyib
Hesabat dövründə bankın faiz gəlirləri 40,3% artaraq 41,3 milyon manat, faiz xərcləri 2,1 dəfə artaraq 14,5 milyon manat, qeyri-faiz gəlirləri 48,9% artaraq 3,2 milyon manat, qeyri-faiz xərcləri isə 45,9% artaraq 14 milyon manat təşkil edib. Beləliklə, bankın xalis əməliyyat mənfəəti 16 milyon manat olub. Amma bank aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 20 milyon manatdan çox vəsait yönəldib. Buna görə də, “Bank VTB (Azərbaycan)” 3-cü rübü 4,3 milyon manat ziyanla başa vurub.