30 Oktyabr

«Hər 100 min dollardan 40 minini geri qaytara bilirik» - PROBLEMLİ KREDİTLƏR

Azərbaycan bankları problemli kreditləri yığmaq üçün kollektor agentliklərinin xidmətindən getdikcə daha çox istifadə edirlər. Bu barədə fins.az-a açıqlamasında problemli borcların yığılması ilə məşğul olan “Azcoll” hüquq şirkətinin direktoru Pərviz Məmmədov bildirib. Onun sözlərinə görə, son bir ildə problemli kreditlərini toplamaq üçün şirkətə müraciət edən kredit təşkilatlarının sayı 2 dəfə artıb: “Bir il bundan əvvəl biz 3-4 bankla əməkdaşlıq edirdik, hazırda bu rəqəm 7-dir. Tərəfdaşımız olan BOKT-dan sayı isə son 1 ildə 2-dən 5-ə qalxıb”.

Banklar borc yığan işçiləri azaldırlar

Pərviz Məmmədov deyir ki, kollektor xidmətlərinə tələbatın artması təkcə kredit təşkilatlarının bu işin öhdəsindən tək gələ bilməməsi ilə bağlı deyil: “Bildiyimiz kimi, son vaxtlar kredit götürənlərin sayı və bankların gəlirliliyi əhəmiyyətli dərəcədə azalıb, amma işçilərə sabit şəkildə maaş vermək, onları avtomobillə təmin etmək lazımdır. Buna görə də, banklara və BOKT-lara problemli kreditləri yığacaq işi heyətini artırmaq və yaxud əvvəlki kimi saxlamaq sərf etmir. Çünki, həmin borclar yığılıb qurtarandan sonra da işçilərə maaş vermək lazımdır. Bizdə isə belədir ki, iş varsa işləyirik, yoxdursa işləmirik. Ona uyğun da xidmət haqqı ödənilir. Kollektor agentliyi ilə əməkdaşlıq həm də ondan ötrüdür ki, öz işçilərinin effektivliyini yoxlasınlar. Yəni, maliyyə qurumları borc yığmaq məsələsində kimin necə işlədiyini analiz edirlər”.

«Diriltdiyim» kreditlərin 18-35%-i mənimdir

Hazırda banklar və BOKT-lar kollektor xidmətinə yığılan borcun məbləğinin 18-35%-i qədər xidmət haqqı ödəyirlər. Pərviz Məmmədov deyir ki, konkret faiz borcun qaytarılma müddətindən nə qədər keçməsindən asılıdır: “Əgər borcun vaxtından 90 gündən çox keçibsə, təbii ki, xidmət haqqı 18% olmur. 20-30% olur. Müddət 120 gündən çoxdursa, xidmət haqqı bir qədər də artır. Çünki, borclunun evinə, iş yerinə qrup göndərmək lazımdır, onunla danışıqlar aparmağa ehtiyac yaranır, bu da xərcləri artırır”.

Ən çox istehlak kreditlərini qaytarmırlar

Pərviz Məmmədov deyir ki, hazırda ən çox problemi olan kreditlər istehlak kreditləridir: “Söhbət bir neçə min manatlıq nağd pul kreditlərindən, eləcə taksit kartlarından çıxarılmış məbləğlərdən gedir. Daha çox bu növ kreditlərlə bağlı bizə müraciət edirlər”.

Onun sözlərinə görə, xüsusilə devalvasiyadan sonra dollarla verilmiş istehlak kreditlərinin geri qaytarılmaması halları artıb: “Devalvasiya bizim yığımlarımıza da təsir edir. Əvvəl 100 min dollarlıq portfelin 70 min dollarını geri qaytara bilirdiksə, hazırda bu göstərici 40 min dollardır. Manatla verilmiş kreditlərdə ciddi dəyişiklik yoxdur. 70-80% nisbətində borcları geri qaytara bilirik. Amma bəzən manatla borcu olan adamlar da devalvasiyadan sonra yaranmış vəziyyətdən istifadə edib borcları vaxtında ödəmirlər və yaxud ümumiyyələ ödəmək istəmirlər. Sanki dolların qiymətinin qalxması onlara təsir edib”.