30 Oktyabr

«PAŞA Bank» aktivlərini 52%-ə yaxın artırıb

Bu ilin yanvar-sentyabr aylarının yekunlarına görə, “PAŞA Bank”ın aktivləri 1 milyard 575,5 milyon manat təşkil edib. Fins.az-ın bankın maliyyə hesabatına istinadən yaydığı məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 51,6% çoxdur. Son 1 ildə bankın cəmi öhdəlikləri 78,1% artaraq 1 milyard 226,1 milyon manat, cəmi kapitalı isə 0,3% azalaraq 349,4 milyon manat olub.

Depozit portfeli 2 dəfə artıb

9 ayın yekunlarına görə, “PAŞA Bank”ın kredit portfeli 701,8 milyon manat təşkil edib. Bu da ötən ilin eyni dövrünə nisbətən 64,8% çoxdur. Bankın vaxtı keçmiş kreditləri isə 2,9 dəfə artaraq 111,7 milyon manat olub. Problemli kreditlərin ümumi kredit portfelində payı isə 8,9%-dən 17,4%-ə yüksəlib.

Bankın depozit portfeli isə 2 dəfə artaraq 873,7 milyon manata çatıb.

Ziyana işləyib

Hesabat dövründə, PAŞA Bank”ın faiz gəlirləri 39,3% artaraq 62,91 milyon manat, qeyri-faiz gəlirləri 23,9% artaraq 11,53 milyon manat, faiz xərcləri 35% artaraq 14,86 milyon manat, qeyri-faiz xərcləri isə 14,1% artaraq 25,48 milyon manat təşkil edib. Son nəticədə bankın xalis əməliyyat mənfəəti 34,1 milyon manat olub. Amma bank aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 40,5 milyon manat, vergilərin ödənilməsinə isə 1,2 milyon manat xərcləyib. Beləliklə, “PAŞA Bank” 3-cü rübü 7,6 milyon manat ziyanla vurub.