30 Oktyabr

«Dekabank»ın 8 milyon manata yaxın mənfəəti olub

Bu ilin yanvar-sentyabr aylarının yekunlarına görə, “Dekabank”ın aktivləri 181,5 milyon manat təşkil edib. Fins.az-ın bankın maliyyə hesabatına istinadən yaydığı məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,8 dəfə çoxdur. Son 1 ildə bankın cəmi öhdəlikləri 3,5 dəfə artaraq 115,7 milyon manat, cəmi kapitalı isə 2,1 dəfə artaraq 65,8 milyon manata çatıb.

Kredit portfelini 3 dəfədən çox artırıb

9 ayın yekunlarına görə, bankın kredit portfeli 171,64 milyon manat olub. Bu da 2014-cü ilin eyni dövrünə nisbətən 3,2 dəfə çoxdur. Bankın vaxtı keçmiş kreditləri isə 2,5 dəfə artaraq 13,48 milyon dollar təşkil edib. Problemli kreditlərin ümumi kredit portfelində payı isə 10,1%-dən 7,9%-ə enib. “Dekabank”ın depozit portfeli isə 29,1% artaraq 7,18 milyon manata çatıb.

6 milyon manata yaxın vəsaitə qənaət edib

Hesabat dövründə “Dekabank”ın faiz gəlirləri 2,4 dəfə artaraq 3,08 milyon manat, faiz xərcləri 3,8 dəfə artaraq 1 milyon manat, qeyri-faiz gəlirləri 21,7% artaraq 112 min manat, qeyri-faiz xərcləri isə 9,2% azalaraq 306 min manat təşkil edib. Beləliklə, bankın xalis əməliyyat mənfəəti 2,4 dəfəlik artımla 1,9 milyon manat olub. “Dekabank” aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına xərcləri 5,6 milyon manat azaldıb ki, bu da son nəticədə banka 3-cü rübü 7,5 milyon manat xalis mənfəətlə başa vurmağa imkan verib.